PDF Oxu

Mədəniyyət

  • 11

Musiqi məktəbi şagirdləri üçün yeni dərs vəsaiti

Musiqi məktəbi şagirdləri üçün yeni dərs vəsaiti
Azərbaycan musiqisinin dahi klassiki Üzeyir Hacıbəylinin 125 illiyi ərəfəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi musiqi məktəbi şagirdləri üçün yeni dərs vəsaitini dərc etdirib. Bakı Musiqi Akademiyasının məktəb-studiyasının bədii rəhbəri və direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov tərəfindən nəşrə hazırlanmış bu vəsait Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" elmi əsərinin adaptasiyalı nəşridir. Kitabın adaptasiyalı nəşri ideyası təsadüfən yaranmayıb. T.Seyidovun rəhbərlik etdiyi məktəb-studiyada ən müxtəlif ixtisaslı gələcək musiqiçilərin ən münasib professional hazırlığı üzrə ardıcıl surətdə eksperimental-metodik iş aparılır. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli məktəb-studiyanı uşaqların musiqi tərbiyəsinin tanınmış mərkəzi adlandıraraq, bunu çoxdan qeyd edib. Üzeyir bəyin adaptasiya olunmuş nadir kitabının əsas məqsədi - musiqi məktəbi şagirdlərini milli köklərə, Azərbaycan xalq sənətinin əsaslarına yaxın etmək, milli musiqi eşitmə və təfəkkürü sahəsində gen yaddaşının bərpa edilib fəallaşdırılmasından ibarətdir. Hazırkı nəşr respublikanın musiqi məktəblərinin ən kiçik siniflərindən başlayaraq Azərbaycan ladlarının öyrənilməsi üçün ən əlverişli şərait yaratmaq iqtidarındadır. Sözsüz ki, vəsait respublikanın bütün musiqi məktəblərinin gündəlik tədris-metodik təcrübəsində çox faydalı bir metodik dayağa çevriləcək.

Digər xəbərlər