Şamaxıda rəssamların yaradıcılıq emalatxanası təşkil olunacaq
Mədəniyyət və Turizm Nazirliyi ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi, regionlarda bu sənətə marağın artırılması, rəsm qalereyalarının fondlarının zənginləşdirilməsi və rəssamları bir araya gətirmək məqsədi ilə iyulun 24-dən 31-dək Şamaxıda rəssamların yaradıcılıq emalatxanasını təşkil edəcək. Yaradıcılıq emalatxanasında on rəssam iştirak edəcək. Müseyib Əmirov, Ələsgər Kazımov, Arzu Əsgərov, Emin Əsgərov, Adil Yusifov, Anar Hüseynzadə, Elşad Hüseynov, İnna Kostina, İlahə Əliyeva, Ruqiyyə Rəhimova. Mədəniyyət və Turizm Nazirliyinin regionlarla iş sektorunun məsləhətçisi Elnur Hüseynovun verdiyi məlumata görə, tədbirə Ağdaş, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonunun gənc rəssamları, Uşaq İncəsənət Məktəbinin tələbələri dəvət olunacaq və onlara peşəkar rəssamlar tərəfindən ustad dərsləri keçiriləcək. Tədbirin keçirildiyi zaman ərzində, peşəkar rəssamlarla yanaşı, tələbələr tərəfində yaradılacaq rəsm əsərləri Şamaxı rayon Rəsm Qalereyasının Fonduna qəbul ediləcək.
Tədbir rəsm əsərlərinin sərgisi ilə yekunlaşacaq. Qeyd edək ki, 2008-ci ildən başlayaraq Qəbələ, Şəki və Qaxda bu tip emalatxanalar təşkil olunub.