Etnoqrafiya Muzeyi xalqın yaratdığı qədim mədəniyyətlə əlaqə yaradacaq
Azərbaycan Prezidentinin "Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında" 11 iyul 2008-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonu Qobu qəsəbəsi ərazisində açıq səma altında Azərbaycan Etnoqrafiya muzeyinin baş planının hazırlanması üzrə müsabiqə sona yetib. Milli irsimizin qorunması və gələcək nəsillərə çatdırılması, Azərbaycan xalqının keçmişini və bugününü özündə yaşatmaqla onun milli simasını müəyyən edən xarakterik həyat tərzinin, məişət və mərasim xüsusiyyətlərinin, xalq yaradıcılığı formalarının dolğun mənzərəsinin canlandırılması sahəsində misilsiz əhəmiyyəti olacaq.
Belə bir muzeyin yaradılması gənc nəslin yüksək vətənpərvərlik, adət-ənənələrə bağlılıq və tarixi-mədəni dəyərlərə ehtiram ruhunda tərbiyə olunmasına xidmət etməlidir. Abşeron rayonunun Qobu qəsəbəsində Mədəniyyət və Turizm Nazirliyinin daimi istifadəsinə verilmiş 200 hektar sahəsi olan ərazidə yaradılacaq bu muzeydə xalq mədəniyyətinin bütün nümunələri bir-birini tamamlayan səpgidə yerləşdirilməlidir. Respublikanın bütün bölgələrindən toplanmış xalq yaşayış ev tipləri, təsərrüfat tikililəri, su və yel dəyirmanları, sənətkarlıq emalatxanaları, xalq sənətkarlıq növlərini əks etdirən eksponatlar, xalq nəqliyyat vasitələri, əhalinin məişətdə, əkinçilikdə, heyvandarlıqda, arıçılıqda və digər sahələrdə istifadə etdiyi alət və avadanlıqlar, evlərin daxili sahmanı üçün əşyalar və Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına, təbliğ olunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən digər eksponatlar Azərbaycan Etnoqrafiya Muzeyinin əsasını təşkil etməlidir. Muzeyin yaradılması prosesində açıq səma altında muzeylərin təşkili sahəsində dünyanın ən nümunəvi muzeylərinin iş təcrübəsi, etnoqrafik muzeyşünaslıq sahəsində elmin son nailiyyətləri nəzərə alınmalıdır.
Muzeyin sahəsi Azərbaycanın bütün tarixi-etnoqrafik bölgələrini, ümumilikdə, "Miniatür Azərbaycanı" xatırlatmalıdır. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzeyin təşkili üçün Azərbaycan üzrə eksponatların toplanması işi həyata keçiriləcəkdir. Eyni zamanda, itirilmiş etnoqrafik abidələr və predmetlər arxiv sənədləri və fotoşəkillər əsasında bərpa ediləcəkdir. Muzeydə şərti olaraq Azərbaycanın bütün tarixi etnoqrafik bölgələri (Şirvan, Qarabağ, Naxçıvan, Abşeron, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Aran, Gəncəbasar, Qərbi Azərbaycan bölgələri) öz əksini tapmalıdır. Lakin muzeyin leytmotivi vahid Azərbaycan mədəniyyəti olmalıdır. Hər bir bölgə təbii-coğrafi şəraitini və etnoqrafik infrastrukturunu əks etdirməklə yanaşı, xalqımızın mədəniyyətini bölgələrə parçalanmış şəkildə deyil, Ümumazərbaycan kontekstində nümayiş etdirməlidir. Muzeyin ölkəmizin ərazisinin səmadan görünüşünə uyğun olaraq qurulması və hər bir bölgənin lokal xüsusiyyətlərini qorumaqla yanaşı, Ümumazərbaycan xalq mədəniyyətini əks etdirməsi nəzərdə tutulur.
Bütün eksponatlar qarşılıqlı vəhdət və əlaqədə olmalı, bütün sənətkarlıq emalatxanaları, toxuculuq dəzgahları və s. işlək vəziyyətdə olmalıdır. Azərbaycan qədim əkinçilik mərkəzi olduğu üçün muzeydə əkin, bağ və bostan sahələri də nəzərdə tutulmalı və bu məqsədlə əkinçilik mədəniyyəti ilə bağlı avadanlıqla yanaşı kənd təsərrüfatı mütəxəssisləri də bu işə cəlb olunmalıdır.
Muzeyin əsas vəzifələrindən biri xalq tətbiqi sənəti növlərinin dirçəldilməsi və inkişaf etdirilməsi, xalq ustalarının üzə çıxarılması, onlara yaradıcılıq şəraiti yaradılması və qayğı göstərilməsi, yaradıcılıq məhsullarının sərgilər vasitəsilə təbliği və satışının təşkili olmalıdır. Muzeydə dulusçuluq, ağac və şüşə məmulatları, daş, ağac və kəc üzərində oyma, bədii metal, bədii parça və tikmələr, toxuculuq, xalçaçılıq, zərgərlik və digər geniş yayılmış sənət növləri ilə yanaşı, unudulmuş və ya unudulmaqda olan sənət növlərinin-sərraclıq, nalbəndlik, papaqçılıq, çəkməçilik, kəlağayı toxuma, sandıq, mücrü, nehrə, cəhrə, təndir və kürə hazırlama kimi nadir sənət növlərinin inkişafına xüsusi diqqət yetirilməli, onların sirlərinin nəsildən-nəslə ötürülməsi təmin edilməlidir. Muzeyin emalatxanalarında hazırlanan məhsullarının ərazidə fəaliyyət göstərən suvenir dükanlarında və respublikamızın turizmin inkişaf etdiyi bölgələrdə satışının təşkili nəzərdə tutulur.
Azərbaycan Etnoqrafiya Muzeyinin ərazisində əhalinin müxtəlif kateqoriyalarının maraqlarını təmin etməyə qadir olan əyləncə mərkəzlərinin yaradılması məqsədəuyğundur. Burada Azərbaycanın ayrı-ayrı bölgələrinin mətbəxi geniş təmsil olunmalı, yerli əhali və turistlər üçün Azərbaycan mətbəxinin zənginliyi nümayiş olunmalıdır. Ərazidə uşaqlar üçün müasir attraksionlar qurulmalı, gənclər üçün cəlbedici mərkəzlər yaradılmalıdır.
Muzeyin ərazisinin bir hissəsində Azərbaycan xalqının tarix boyu yaratdığı tarixi abidələrin miniatür maketlərinin yerləşdirilməsi tamaşaçıların böyük marağına səbəb olmaqla yanaşı, xalqımızın qədim mədəniyyəti və tarixi barədə tamaşaçılarda müəyyən təsəvvür yaratmağa xidmət edəcəkdir. Ərazidə muzeyin inzibati binası, fond saxlancları, akt zalları, sərgi salonları, avtomobil üçün dayanacaqlar, xüsusiləşdirilmiş elmi-bərpa mərkəzləri, ictimai-iaşə müəssisələri də ilkin layihələndirmə sənədlərində nəzərdə tutulmalıdır.