PDF Oxu

Mədəniyyət

  • 14

Yeni tapılmış yazılı abidələrimiz

Yeni tapılmış yazılı abidələrimiz
Tehranın Məclisi-Şurayi-İslami Kitabxanasında iki Azərbaycan şairi - Vali və Şükrinin lirik şeirlər toplusu- divanları aşkar edilmişdir. Onlar barədə təzkirələrdə, digər mənbələrdə heç bir məlumata rast gəlinmir.
Məhəmməd Füzuli adına Əlyazmalar İnstinutunun məlumatına istinadən, Valinin öz divanından və Tehranın Məclisi Şurayi-İslami Kitabxanası kataloqundan şairin mühiti barədə müəyyən məlumatlar əldə etmək mümkündür.
Vali divanının əlimizdə olan yeganə nüsxəsinin köçürülmə tarixi bəlli deyil. Əvvəldən və sondan naqis olan bu nüsxənin ortadan da bəzi vərəqləri düşmüş, sonradan cildlənərkən bəzi vərəqlərin yeri səhv düşmüşdür. Adı çəkilən kataloqun müəllifi Əbdülhüseyn Hayeri "Vali" təxəllüslü şairimizin "Gənci" ləqəbinin də olduğunu ehtimal edir. Tədqiqatçı Valinin farsca bir neçə qitəsində II Şah Abbasın taxta çıxmasına və Şah Səfinin vəfatına, Şah Səfinin İrəvanı osmanlılardan geri almasına dair maddeyi-tarixlər tərtib etdiyini göstərərək, haqlı olaraq, şairin bu iki şahın hakimiyyəti illərində yaşadığı qənaətinə gəlir.
Ümumi həcmi 112 vərəq olan, əsasən, farsca şeirlərdən ibarət bu divan qəzəl, rübai və məsnəvilərdən və bir saqinamədən ibarətdir. Bu lirik şeirlər toplusunda şairin Azərbaycan türkcəsində cəmi 38 qəzəli vardır ki, bunlar da 193 beytdir. Türkcə qəzəllərin əksəriyyəti - otuz ikisi 5, üçü 6, ikisi 4 və biri 7 beyt həcmindədir. Ana dilində yazdığı şeirləri nəzərdən keçirdikcə, Valinin saf məhəbbəti təbliğ edən, həyatdakı bütün məsələlərə bir aşiq gözü ilə baxan lirik şair olduğunu görürük. O, özünü klassik ədəbiyyatın aşiq surətləri - Fərhad və Məcnunla müqayisə edərək, bu yolun kamil yolçularından olduğunu, zöhd və riyadan imtina edib məhəbbət dininə tapındığını elan edir.
Dövrünün digər şairləri kimi, irfani poeziyanın obrazlarından istifadə etsə də, Valinin qəzəllərində əsasən real, dünyəvi eşqin vəsf edildiyini görürük. Valinin şeirlərində didaktik məqamlara da rast gəlirik. Qəzəllərindən birində şair, ömrünü eyş-işrətlə keçirib xalqın dərdini unudan hökmdarlara üz tutaraq, onlara insanların bu dünyada bir qonaq olduğunu, axirəti düşünüb savab işlər görməyin gərəkliyini xatırladır. Ənuşirəvanın bir zamanlar tikdirdiyi sarayın xarabaya çevrildiyini nümunə gətirərək, bundan ibrət götürməyi məsləhət görür. Bəzi şeirlərində şair yaşadığı zamandan narazılığını bildirir, "aləmdə yoxdur ədlü dad" deyərək dövrünü ittiham edir. "Ruzigari-namüvafiq natəvan etdi bizi" deyən Vali belə hesab edir ki, insanların zəif, gücsüz olmalarına səbəb pis zəmanədir.
Şairin Azərbaycan türkcəsindəki əsərlərinin dilini nəzərdən keçirdikdə, görürük ki, şeirlərinin əksəriyyətini farsca yazmasına baxmayaraq, Vali ana dilinin incəliklərinə bələd olmuş, danışıq dilindən gələn ifadələri yeri gəldikcə məharətlə işlətmişdir. Şairin bədii dilinin səciyyəvi cəhətlərindən biri də onun əsərlərində ağlar oldu, axmaz oldu, deyər oldu, bağlar oldu kimi fel birləşmələrindən istifadə edilməsidir. Bəlli olduğu kimi, bu cür fel birləşmələri "Kitabi-Dədə Qorqud" abidəsinin dili üçün xarakterikdir.
Şükrinin nəzirə və təxmisləri onun bədii zövqü, yaradıcılığının əsas istiqamətləri barədə daha hərtərəfli fikir söyləməyə imkan verir. Şair divanında əksər hallarda tənzir və ya təxmis etdiyi şeiri də köçürmüş, bununla da oxucuya onun məharətini dəyərləndirmək imkanı vermişdir. Şükri divanının 72-73-cü səhifələrində müasiri olan Azərbaycan şairi Vəhid Qəzvininin farsca qəzəlini, Musəvi xanın bu əsərə nəzirəsinin mətlə beytini, nəhayət, özünün nəzirəsini köçürmüşdür.

Digər xəbərlər