PDF Oxu

Mədəniyyət

  • 7

Həyat ilə düşüncənin fəlsəfi toqquşmasının məcmusu

Həyat ilə düşüncənin fəlsəfi toqquşmasının məcmusu
Müxtəlif məzmun, mahiyyət kəsb edən dünya həqiqətləri, cəmiyyətdəki insan daxilinə nüfuz edə biləcək məqamlar, eləcə də, insan düşüncəsinin qəbul edə biləcəyi və bu düşüncədən bir süzgəc olaraq, qəlblərə siyarət edən duyğular, hisslər yaradıcı insanı vaxt-bivaxt haqlayaraq onun qələminin məhsuluna çevrilir.
Sözsüz ki, bu məhsulun ortaya qoyduğu dəyər insan düşüncəsinə təsir edən və onun mənəvi aləmində yükə çevrilə bilən etalon kimi qəbul olunur. Azərbaycan ədəbiyyatında nəzmə və nəsrə çevrilən ideyaların işığında bu məzmun daha aydın, parlaq görünür. Sözsüz ki, hər bir insanın həyatında etalon olaraq qəbul etdiyi mənəvi dəyərlər bədii əsərlər vasitəsilə daha aydın dərk edilir və bunun müqabilində insanın yaşam tərzinin bir hissəsinə çevrilir.
Bu yaxınlarda "Şirvannəşr" tərəfindən çapdan çıxmış yazıçı- publisist, "Qızıl qələm" və "Azərbaycan bayrağı" fəxri mükafatlarının laureatı, Yazıçılar Birliyinin üzvü Nurəddin Qənbərin (Mirzəyev) "Zülfiyyənin barmaqları" kitabı da məhz həyat ilə düşüncənin fəlsəfi toqquşmasında meydana çıxmış və qələm sahibinin oxucularla təmasında körpü rolunu oynamaqdadır. Kitaba müəllifin son illərdə qələmə aldığı hekayələri, bədii-publisistik məqalələri, müsahibə və məktubları daxil edilmişdir. Eyni zamanda, son illərdə nəşr olunmuş müəllifin kitabları haqqında lisenziyalar da burada əksini tapıb.
Həyat həqiqətlərinin bədii əksi olan bu nümunə Nurəddin Qəmbərin həyat müşahidələrinin, eləcə də, təsadüf etdiyi hadisələrin bir məcmusudur desək, yanılmarıq. Kitaba daxil edilən "Ürəkdə tikişlər" sənədli hekayəsi də məhz onun iştirakçısı olduğu reallıqların bədii ifadəsidir. Belə ki, sənədli hekayə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın unudulmaz xatirəsinə hörmət və ehtiramla qələmə alınmışdır. Müəllif burada cərrahiyyə əməliyyatı zamanı uğurlu nəticənin əldə olunmasından və Zərifə xanımın bir həkim, insan olaraq qeyri-adi dəyərlərindən söz açır. İnsan taleyinə olan qayğısı ilə yanaşı, həmkarlarına olan münasibəti də diqqətdən yayınmır.
Kitaba daxil olan əsərlərdə müəllif Böyük Vətən müharibəsi illərindən, Qarabağ hadisələrindən, sənətdən, milli-mənəvi dəyərlərimizdən söz açaraq, zəngin dünyamızın maraqlı rənglərini əsərləri üçün məzmun seçmiş, müxtəlif süjetlər üzərində qurduğu nümunələrində oxucu üçün maraq doğura biləcək həqiqətləri diqqətə çatdırmışdır. "Təpəl qar" haqqında ballada" hekayəsi təbiətin etüdü olmuş əhvalat əsasında nəsrə köçürülmüşdür. "Zülfiyyənin barmaqları" novellası isə mahir saz ifaçısı Zülfiyyə xanıma həsr olunmuşdur.
Nurəddin Qənbərin daim axtarışda olan bir yazıçı kimi yaradıcılığındakı müxtəliflik diqqəti cəlb edir və hər hadisəyə yanaşma tərzi, qeyri-ixtiyari olaraq oxucunun bədii tərbiyəsinə də, əhval-ruhiyyəsinə də təsir edir. Kitaba daxil olan publisist, rəylər, müsahibələr bölməsi də maraq doğurur. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya ünvanladığı "Sizin xeyirxahlığınıza güvənirəm" məqaləsinin əsasında yazıçının mənəvi tələbatı, səhiyyədəki uğurlar və Ağcabədi rayonunda son illərdə Prezident İlham Əliyevin sayəsində abadlıq işlərinin aparılması, eləcə də, əhalinin sosial rifahının günü-gündən yüksəldilməsi diqqətdə dayanır.
Nurəddin Qəmbər Qarabağ müharibəsi iştirakçısı və veteranı olduğundan, vətənə olan məhəbbət hissi bu və ya digər əsərlərində özünü göstərməkdədir. Əsərlərinin iri yaxud kiçik həcmdə olmasına baxmayaraq, müəllif ideyalarının iri planda təsvirinə nail olmaqla yaradıcılığına xas olan ştrixləri məxsusi tərzdə qələmə alır. Onun romanlarında, eləcə də, dram əsərlərində Nurəddin Qənbər dünyasının fərdi cizgiləri hiss olunur, yaradıcılıq üslubundakı manevr onun dəst-xəttini müəyyənləşdirir. Əsərlərinin uzun illər Azərbaycan teatr səhnəsində oynanılması yazıçının dramaturgiyasının süjetində duran xəttin düzgün və mahiyyət etibarilə əhəmiyyətli olduğunu təsdiqləyən amildir. Bu günə qədər dərc olunan əsərləri kimi yazıçının "Zülfiyyənin barmaqları" kitabının da oxucular tərəfindən birmənalı olaraq qəbul ediləcəyinə inanırıq.

Digər xəbərlər