"İnşaat qurğularının təhlili" mövzusunda seminar başa çatdı
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Almaniyanın "Remmers" və Avstriyanın "Atelier Erich Pummer GmbH" şirkətlərinin təmsilçiləri tərəfindən "İnşaat qurğularının təhlili" mövzusunda keçirilən seminar başa çatmışdır. Seminarda dünya əhəmiyyətli abidə - Məhəmməd məscidinin təmiri işlərini həyata keçirən avstriyalı mütəxəssis E.Pummer, Almaniyadan dəvət edilmiş mütəxəssislər G.Hilbert və D.Şiller əhəng daşının timsalında təbii daşın konservasiya və bərpasının nəzəri və təcrübi məsələləri barədə iştirakçılara təlim keçmişlər.
"Bərpanın nəzəri və təcrübi əsasları" mövzusunda artıq ikinci dəfə keçirilən seminarın əsas məqsədi yerli mütəxəssislərin bərpa və konservasiya işləri sahəsində bilik və bacarıqlarının artırılmasıdır.
Seminarda yerli mütəxəssislərlə yanaşı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri də iştirak etmişlər. Seminar gələcəkdə bu cür işlərin yerli mütəxəssislər və işçi qüvvəsi hesabına həyata keçirilməsinə imkan yaradacaqdır.
Məhəmməd məscidinin bərpası müddətində daha iki seminarın keçirilməsi nəzərdə tutulmuşdur.