"Bakı" jurnalı kulinariya müsabiqəsinin qalibi oldu
Kaluqa vilayətindəki "Etnomir" turizm mərkəzində Rusiyanın və xarici ölkələrin aparıcı KİV-lərinin əməkdaşları arasında "Jurnalistlər üçün "Barbekyu" yay kuboku" uğrunda yarışma keçirilmişdir. "Baku" jurnalının təmsilçiləri bu "dadlı" yarışmanın mütləq qalibi adı uğrunda mübarizədə ilk dəfə iştirak etmişdir.
"Bakılı"ların "yığma komandası"na "Baku" jurnalının yayım üzrə direktoru İvan Tayojnı, redaksiyanın assistenti Rüfət Cəfərov, sayt redaktoru Ayan Həsənova və piar-direktor Rövşən Əsgərov daxil idi. "Yığma komanda"nın məşqçisi və baş məsləhətçisi tanınmış kulinar bloqqeri, yazıçı, "Qazan, manqal və kişilərə ləzzət verən başqa ləvazimatlar" adlı kulinar bestsellerinin müəllifi, əvvəllər "Baku" jurnalının bir nömrəsinin qonağı olmuş Stalik Xankişiyev idi. Mükafat uğrunda mübarizədə iştirak edən 20 komanda arasında dünya şöhrətli "Röyter" agentliyinin də olması bu qeyri-adi yarışmanın beynəlxalq statusunu təmin etmiş oldu. Komandaların məharətini Rusiya Milli Şef-aşpazlar Gildiyasının prezidenti Aleksandr Filin, Rusiya Kulinarlar Assosiasiyasının prezidenti Viktor Belyayev, Moskva Kulinarlar Assosiasiyasının prezidenti Tamara Şarova kimi məşhur kulinarların daxil olduğu peşəkarlardan ibarət münsiflər heyəti qiymətləndirmişdir.
Mahir manqal və şiş ustası, yorulmaq bilməyən Stalik Xankişiyev başda olmaqla "Baku" jurnalının "yığma komandası" milli Azərbaycan yeməklərindən olan lüləkababın hazırlanması prosesini əsl şou kimi təqdim etmişdir. KİV nümayəndələrinin yekdil fikrinə görə, "Baku" jurnalı Azərbaycan yeməklərinin həvəskarları üçün əsl ustad dərsi təşkil etmişdir. Buna görə də münsiflər heyətinin bu yarışmanın baş mükafatını - jurnalistlər üçün "Barbekyu" kubokunu məhz "Baku" jurnalının komandasına verilməsi barədə qərarı heç kəsi təəccübləndirməmişdir. "Baku" jurnalı kubokla bərabər həm də "Etnomir" mərkəzində keçirilən bu qeyri-adi bayrama gəlmiş bütün tamaşaçıların rəğbətini qazanmışdır. Xatırladaq ki, turnir Rusiya Barbekyu-klubu, "BBQ" kulinariya jurnalı, Avtonom Etnoqastronomiya Universiteti, Rusiya Kulinarlar Assosiasiyası, Moskva Kulinarlar Assosiasiyası və Rusiya Milli Şef-aşpazlar Gildiyası tərəfindən təşkil edilmişdir.