Valeri Kərimovun 65 illik yubiley gecəsi keçiriləcək
İyunun 30-da Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Film Fondunun təşkilatçılığı ilə Azərbaycanın əməkdar incəsənət xadimi, görkəmli kinooperator və kinorejissor Valeri Kərimovun 65 illik yubiley gecəsi və sənətkara həsr edilmiş fotosərginin açılışı mərasimi keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən Valeri Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olmuşdur. O, professional kinooperator kimi 30-a qədər film çəkmişdir. V.Kərimov çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm etmiş, ələlxüsus, xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışmışdır. V.Kərimov bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləmiş, 60-cı illərin sonunda Moskvaya gedərək ÜDKİ-nin kinooperatorluq fakültəsinə daxil olmuşdur. Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi "Çarvadarların izi ilə" bədii televiziya filmidir. Elə həmin il operator "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı lentə almışdır: "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi". Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər vardır: "Alma almaya bənzər", "Yuxu", "De ki, məni sevirsən", "Qaladan tapılan mücrü", "Arxadan vurulan zərbə", "Qorxma, mən səninləyəm", "Qızıl uçurum", "Yarımçıq qalmış mahnı", "Ailə", "Sizi dünyalar qədər sevirdim","Bir ailəlik bağ evi", "Ötən ilin son gecəsi", "Sürəyya" və s. Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi A.Quliyev "Sizi dünyalar qədər sevirdim" filmi ilə bağlı demişdir: "Filmin yaradıcıları Belarusda, qarlı çöllərdə, çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Bunlar heç bir kadrda butaforiya kimi görünməmişdir. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilmişdir..."
V.Kərimov son vaxtlar özünü rejissorluq sahəsində də sınamış və "Həmyerli" bədii filminə quruluş vermişdir. Azərbaycanın Kinematoqrafçılar İttifaqının katibi olan V.Kərimov bu sahədə də səmərəli iş aparmışdır. Bu gün 65 yaşını qeyd etdiyimiz istedadlı operator və rejissor V.Kərimov sənət aləmində öz imzasını qoymuş sənətkarlarımızdandır.