Azərbaycan YUNESKO-nun Hökumətlərarası Komitəsinə üzv seçilib
Komitəyə seçilmək Azərbaycanın beynəlxalq nüfuzunun, beynəlxalq mədəni proseslərdə fəal rolunu bir daha nümayiş etdirir Fransa Respublikasının paytaxtı Paris şəhərində YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin Baş Assambleyasının üçüncü sessiyası keçirilmişdir.
Sessiya zamanı Konvensiyanın fəaliyyət qaydaları nəzərdən keçirilərək, üzv dövlətlər tərəfindən edilmiş dəyişikliklər müzakirə edilmişdir. Eyni zamanda, sessiyada Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəyə 12 yeni üzv seçilməsi ilə bağlı seçkilər keçirilmişdir. Qeyd etmək istərdik ki, Azərbaycan da bu komitəyə öz namizədliyini irəli sürmüşdür. Namizədliyin dəstəklənməsi ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi və Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri tərəfindən müvafiq təşviqat işləri aparılmışdır.
Tədbirdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyi, eyni zamanda, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti iştirak etmişdir.
Komitəyə üzvlüyə səsvermə zamanı Azərbaycan Respublikası 72 səslə komitənin üzvü seçilmişdir.
Ermənistan öz namizədliyini irəli sürsə də, səsvermə zamanı cəmi 19 səs toplamış və üzv seçilməmişdir.
Qeyd etmək istərdik ki, sözügedən komitənin üzvləri hər il YUNESKO-ya təqdim olunan qeyri maddi irs nümunələrinin namizədlik fayllarını nəzərdən keçirir və rəylərini bildirirlər. Komitəyə seçilmək Azərbaycanın beynəlxalq nüfuzunun artmasını, beynəlxalq mədəni proseslərdə fəal rolunu bir daha nümayiş etdirdi.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycanın qeyri-maddi irs nümunələrinin qorunması və YUNESKO-Azərbaycan əlaqələrinin inkişafında göstərdiyi xidmətlər ölkəmizin belə bir mötəbər komitəyə üzv seçilməsinə səbəb oldu.
Hazırda Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısındadır, Azərbaycan xalça sənətinin daxil edilməsi bu il gözlənilir, növbəti il üçün isə Lahıc, Nic və Qırmızı qəsəbənin mədəniyyət məkanı adı altında təqdim edilməsi nəzərdə tutulur.