"Paytaxtdan bölgələrə" adlı səyyar sərgi
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən və öz beynəlxalq əməkdaşlıq əlaqələri ilə seçilən Mingəçevir Turizm Kolleci burada təhsil alan tələbələr arasında müxtəlif yaradıcı istedadların aşkar olunması məqsədilə daim fərqli tədbirlər həyata keçirir. Onlardan sonuncusu "Paytaxtdan bölgələrə" adlı səyyar sərgidir ki, Mingəçevir şəhər sakinləri tərəfindən olduqca yüksək səviyyədə qarşılanmışdır. Qeyd olunan tədbir kollecin "Turizm, dekorativ tətbiqi incəsənət və xalq sənəti" fənn birləşməsi müəllimlərinin təşəbbüsü ilə həyata keçirilmişdir. Bu cür tədbirlər yeni istedadların aşkar olunması ilə yanaşı, tələbələr arasında aldıqları peşələrə qarşı sevgi hisslərini formalaşdırır. Bu amil, öz növbəsində, peşəkarlıq keyfiyyətlərinə yiyələnməyə xidmət edir. Odur ki, Mingəçevir Turizm Kollecinin rəhbərliyi bu cür tədbirləri gələcəkdə də həyata keçirəcəkdir.