PDF Oxu

Mədəniyyət

  • 26

Klassik tamaşaların səhnə tarixində yeni səhifə

Klassik tamaşaların səhnə tarixində yeni səhifə
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti mövsümü də uğurla başa vurmaq üzrədir. Hər il olduğu kimi, bu mövsümdə də maraqlı tamaşaları repertuarına daxil edən teatrın həyatında bu il xüsusilə əlamətdar və yaddaqalan oldu. Məlum əmr əsasında bir neçə teatrı özündə birləşdirən vahid yaradıcı kollektiv kimi çıxış edən Gənc Tamaşaçılar Teatrı ənənəvi olaraq, Azərbaycan və dünya klassikasının mükəmməl nümunələrini sənətsevərlərə təqdim etdi. Bu tamaşaların hər biri insan psixologiyasına təsir edən, onun dünyagörüşünə iz salan və bir fərd kimi formalaşmasına təkan verə biləcək ideya və məzmun üzərində qurulub. Təbii ki, belə bir bəşəri düşüncələri təbliğ edən tamaşanın yaradıcı kollektiv tərəfindən təqdimatı da şərtləndirici amillərdəndir.
Teatr mövsümünün son günlərində klassik tamaşalarla səhnədə maraqlı ifa nümayiş etdirə bildi. Azərbaycan və dünya klassikasının şah əsərləri hesab olunan və uzun illər teatr səhnəsindən düşməyən Cəfər Cabbarlı və Vilyam Şekspir yaradıcılığının təkrarsız əsərləri olan "Aydın" və "Otello" tamaşaları ardıcıl olaraq sənətsevərlərin ixtiyarına verildi. "Aydın" tamaşası Azərbaycan peşəkar teatrı fəaliyyəti dövründə, demək olar ki, oynanılmış və milli teatrımızın inkişafında xidmətləri olan böyük yaradıcı kollektivin təqdimatında anlaşıqla qarşılanmışdır.
Tamaşanın məzmunundan görünür ki, qızılın və pulun qəddar dərəbəyliyi, şöhrət və sərvət ehtiraslarının mənhus tüğyanı qarşısındakı əlacsızlıq məğrur insanları öz girdabında sürükləyir. Tamaşada vətənə, xalqa, milli mədəniyyətə və sənətə xidmət yolunda hər cür fədakarlığa hazır olan, parlaq romantika, nəcib xəyalpərvərlik hadisələr axarında, az keçmir ki, həyatın sərt daşlarına dəyərək parçalanır. Cəfər Cabbarlının təsvir etdiyi gənc qəhrəmanlar da - Aydın və Gültəkin də belə bataqlıqda yaşayan simalardandır. Tamaşadakı dərin sarsıntılar, iztirablar sənətsevərlərə bu qəhrəmanların keşməkeşli yolundan xəbər verir.
Tamaşanın dəfələrlə oynanılmasına baxmayaraq yaradıcı kollektiv orijinal bir şəkildə ifa nümayiş etdirdi. Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, respublikanın xalq artisti Cənnət Səlimova yeni yozumda tamaşanın quruluşunu tərtib edib, müasirliklə klassikanın vəhdətində Azərbaycan cəmiyyətinin xoşagəlməzliyinin mənfiliyini, varlılarla kasıblar arasında olan ziddiyyətin faciəvi bir şəkildə təqdimatının yüksək bir səviyyədə həllinə nail olmuşdur. "Aydın"ın rəssamı, əməkdar rəssam Tahir Tahirov, bəstəkarı Firudin Allahverdidir. Tamaşadakı psixoloji gərginlik, Gültəkin kimi təmiz, saf insanların Dövlət bəy kimilər tərəfindən mənəvi-psixoloji sarsıntılara məruz qalmasını tamaşa boyu rejissor müxtəlif mizanlarda ustalıqla yaradıb. Sözsüz ki, rejissor yozumu ilə aktyor ifasının yaxınlığı və bir-birini tamamlama teatrın daha mükəmməl bir şəkildə yeni bir həyat yaşamasına səbəbdir. Aydın rolunu oynayan respublikanın əməkdar artisti Nofəl Vəliyev kapitalist dünyasının iç üzünü və bu dünyada mənəvi dəyərlərin maddiyyatlara satılmasını və pulun gücünün bu irticaçı qüvvələrə bir meyar kimi qəbul olunduğunu çox ustalıqla yaradıb. Aktyor Aydın obrazı vasitəsilə belə bir dünyaya qarşı üsyan edərək, onu ruhi sarsıntılara məruz qoyur və həyatla vidalaşmağı üstün sanır. Səfil, xəstə bir vəziyyət, mübarizə dolu səhnələr və bunun içərisində yoxsulluq, acizlik kimi keyfiyyətlər Aydının mənəvi dünyasının məhv olmasına gətirib çıxarır. Aydının tərəf-müqabili olan Simuzər Atakişiyeva, yəni onun həyatı qədər sevdiyi Gültəkin nə qədər duyğulu, pak, saf, öz hisslərinə qarşı təmiz olsa da, kapitalizm dünyasının törətdiyi eybəcərliklər içərisində acizlik göstərib, mənəvi dünyasına xəyanət edir. Bu xəyanət, sözsüz ki, cəmiyyətin insan üçün yaratdığı uçurumun xəyanəti kimi dəyərləndirilir. Cəfər Cabbarlı, təbii ki, bu obraz vasitəsilə o dövrün ümumiləşdirilmiş saf, təmiz, müqəddəs simvol kimi qəbul olunan qadın bakirəliyini Gültəkinin simasında ifadə etmişdir. Qeyd edim ki, tamaşada Gültəkin obrazını Simuzər Atakişiyeva, Dövlət bəyi Elşən Rüstəmov, Novruz bəyi Elxan Qurbanov, Susannanı Nigar Məmmədova yaratdılar. Belə bir aktyor kollektivinin ifasında təqdim olunan tamaşa teatrın mövsümi bağlanışı ərəfəsində çox böyük uğurlu bir səhnə həyatını yaşadı. Bu tamaşanın ardınca oynanılan Vilyam Şekspirin "Otello" tamaşası da Gənc Tamaşaçılar Teatrının mövsüm üçün təqdim olunan uğurlu nümunələrindən biridir. Bildiyimiz kimi, Azərbaycan teatrının inkişafında Şekspir əsərlərinin tamaşaya qoyulması müstəsna rol oynayıb. Ən görkəmli rejissorlar və aktyorlar Şekspir əsərlərinin Azərbaycan səhnəsində tamaşaya qoyulmasında iştirak etməyi özlərinə şərəf bilmişlər. Şekspirin süjet, dil və janr müxtəlifliyi ilə biri-birindən seçilən əsərləri teatr sənətinin inkişafına misilsiz dərəcədə təsir göstərmişdir. Qələmə aldığı dramlarında yaratdığı bir-birindən fərqli olan rəngarəng obrazlar cansız və yeknəsək prototipləri kölgədə qoyur. Bu baxımdan da, Otello, Dezdemona kimi qəhrəmanları tamaşaçıların rəğbətini qazana biliblər.
Tamaşanın quruluşçu rejissoru, xalq artisti İrina Pirilovadır. Əsas rolları isə respublikanın əməkdar artistlərindən - Otellonu İlqar Cahangirov, Dezdemonanı Leyli Vəliyeva, Yaqonu Şövqü Hüseynov, Emilyanı Gülər Nəbiyeva, Kasyonu Nofəl Vəliyev, Biyankanı İradə Rəşidova məxsusi olaraq yaradıblar. Qeyd edim ki, səhnə və musiqi tərtibatı rejissorun özünə məxsusdur. Tamaşa müasir tamaşaçının tələbatını ödəyəcək bir şəkildə klassikadan kənar olaraq, yeni bir yozumda səhnə həllini tapdı. Tamaşanın əvvəlki quruluşlarından fərqli olaraq, budəfəki müasir geyimlər maraqla qarşılandı. Faciə janrında olan tamaşa iki gəncin faciəli məhəbbətindən bəhs edir. Hər iki baş qəhrəmanın keçdiyi yol, onların yaşantıları aktyor ustalığı nəticəsində açıq-aydın tamaşaçılara təqdim olundu. "Otello" tamaşasının ideyasının açılmasında yaradıcı kollektiv bütün potensialını üzə çıxarıb, tamaşanın mahiyyətinin açılmasına çalışıb, sonda buna müvəffəq olublar.
Beləcə, anşlaqla sona yetən tamaşa yaradıcı kollektivin məharətli oyunu nəticəsində səhnə tarixinin bir gününü də yaşadı.

Digər xəbərlər