Vyanada ölkəmizi Azərbaycan Akademik Birliyi təmsil edib
Baş qərargahı Vyanada yerləşən "Mədəniyyətlərin dialoqu" Beynəlxalq İctimai Forumu şəhərin mərkəzindəki Ziqmund Freyd parkında 20-dən artıq ölkəni təmsil edən qeyri-hökumət təşkilatlarının iştirakı ilə milli mətbəx və musiqi nümunələrindən ibarət mədəniyyətləri tanıtma tədbiri təşkil etmişdir. YUNESKO-nun Mədəniyyətlər Dialoqunun Beynəlxalq Günü münasibətilə təşkil edilmiş tədbirdə, ilk dəfə olaraq, ölkəmizi Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi təmsil etmişdir. "Mədəniyyətlər süfrəyə dəvət edir" devizi altında keçirilən tədbirdə Azərbaycan üçün ayrılmış stend Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycanın Avstriyadakı səfirliyi, azərbaycanlı iş adamı Elnur Abdullayevin rəhbərlik etdiyi "Agro Team GmbH" şirkəti və Vyanada fəaliyyət göstərən "Qafqaz" xalça mağazasının dəstəyi ilə hazırlanmışdır. Mədəniyyətlərarası dialoqun təbliğinə xidmət edən bu tədbirdə Azərbaycan üçün ayrılmış guşədə milli xörəklər təqdim olunmuş, eyni zamanda, müxtəlif kitab və broşürlər nümayiş etdirilmişdir. İştirakçı ölkələrin milli mətbəx nümunələrinin əks olunduğu kulinariya kitabına Azərbaycan xörəkləri də daxil edilmişdir.