PDF Oxu

Mədəniyyət

  • 18

Dövlət Film Fondu tərəfindən yubiley gecələri davam etdirilir

Dövlət Film Fondu tərəfindən yubiley gecələri davam etdirilir
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru olmuş, aktyor və rejissor İsmayıl Əfəndiyevin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçiriləcək. Yubiley münasibətilə Dövlət Film Fondu tərəfindən iyunun 25-də tədbirinin keçirilməsi planlaşdırılır.
İsmayıl Əfəndiyev Azərbaycan kinosunda "Arşın mal alan", "O olmasın, bu olsun", "Fətəli xan", "Koroğlu", "Qızmar günəş altında", "Kölgələr sürünür", "İnsan məskən salır" filmlərində yaddaqalan obrazlar yaradıb. Rejissor kimi "Kölgələr sürünür" bədii, bir neçə qısametrajlı və sənədli ekran əsərinə quruluş verib. Kino ilə yanaşı teatrda da fəaliyyət göstərib.
Film fondu 65 illik yubileyi münasibətilə tanınmış operator və kinorejissor, əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Valeri Kərimovun da xatirə gecəsini təşkil edəcək. V.Kərimov "Ötən ilin son gecəsi", "İmtahan", "Alma almaya bənzər" və digər filmlərin quruluşçu operatoru olub. Rejissor kimi də bir neçə sənədli film çəkib və uzun illər Kinematoqrafçılar İttifaqının katibi kimi çalışıb. Tədbirdə V.Kərimova həsr olunan və oğlu tərəfindən çəkilən 30 dəqiqəlik sənədli filmin nümayişi də nəzərdə tutulur. Muzey Mərkəzində keçiriləcək hər iki tədbirdə yubilyarların həyat və yaradıcılığını əks etdirən fotosərginin də təşkili planlaşdırılır.
Fondun direktoru Cəmil Quliyev onu da bildirdi ki, Azərbaycanın görkəmli bəstəkar və dirijoru Niyazinin çoxsaylı fotoları Dövlət Film Fonduna təqdim olunub. Bu arxiv materialları fond rəhbərliyinin uzun müddət kolleksioner Georgi Miçiaşvilinin ailəsi ilə apardığı danışıqlar nəticəsində gətirilib. Görkəmli bəstəkar və dirijor Niyazinin 27-yə qədər fotosunun neqativi bu günlərdə fonda hədiyyə edilib. Planlaşdırılıb ki, həmin fotolardan ibarət sərgi keçirək. Bundan başqa, bir neçə görkəmli mədəniyyət və incəsənət xadiminin də fotoları da fonda daxil edilib. Rəssamlardan Fərhad Xəlilov, Elbəy Rzaquliyev, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Soltan Hacıbəyov və Cövdət Hacıyevin şəkillərinin də neqativləri təqdim olunub. Bütün bu materiallar tezliklə bərpa ediləcək.
Azərbaycan Dövlət Film Fondu ilə Rusiya Kino və Foto Sənədlər Arxivi arasında qarşılıqlı əməkdaşlıq haqqında saziş də imzalanıb. Cəmil Quliyevin sözlərinə istinadən, imzalanma Azərbaycan nümayəndə heyətinin Rusiya Kino və Foto Sənədlər Arxivində olduqları zaman baş tutub. İmzalanan sazişə əsasən, hər iki ölkənin arxivi bir çox işlərdə bir-birinə kömək edəcək: "Həm arxiv sənədlərinin axtarılması və araşdırılıb tapılması ilə bağlı, eyni zamanda, müxtəlif filmlərin qorunması və bərpası ilə bağlı məsləhətlər vermək, monitorinqlər keçirmək də bu əməkdaşlığa daxildir. Bizim əməkdaşlığımız artıq 3 ildir davam edir. Ancaq bu əməkdaşlıq artıq rəsmiləşdi". Bir neçə ildir əməkdaşlıq etdikləri Rusiya arxivi Azərbaycan Dövlət Film Fondunu onlara göstərdiyi köməyə görə qiymətli hədiyyə ilə mükafatlandırıb: "Həmin hədiyyə fondun muzeyində saxlanılır. Vaxtilə kinostudiyada çalışmış Məmməd Babayevin şəxsi arxivindən 40-a qədər şüşə üzərində neqativ tapılıb və fonda daxil edilib. Bu neqativlər Azərbaycan kinosunun 20-30-cu illərdəki fəaliyyətini özündə əks etdirir. Hazırda həmin neqativlər üzərində bərpa işləri aparılır. Neqativlər xüsusi kamera və xüsusi temperatur rejimində saxlanılır. O dövrdə isə şüşə üzərində hazırlanıb saxlanılırdı. Atmosferin təsiri neqativlərə o qədər də mənfi təsir göstərməyib. Həmin materiallar bizim fonda daxil olub".
Məmməd Babayev kinolaboratoriyada həvəskar fotoqraf kimi çalışıb və uzun illər Azərbaycan kinosu ilə bağlı müxtəlif tədbirlərdə iştirak edərək, onları fotoya köçürüb.
Onu da qeyd edək ki, görkəmli rejissor Həsən Seyidbəylinin 90 illik yubileyinin qeyd olunması ilə əlaqədar onun quruluş verdiyi "Nəsimi" filmi bərpa olunaraq Dövlət Film Fonduna daxil olub. Yenidən bərpa olunaraq, Dövlət Film Fonduna daxil edilən növbəti film "Dədə Qorqud" filmidir. Quruluşçu rejissoru Tofiq Tağızadə olan bu film bərpa olunmuş variantda ekranlarda nümayiş olunacaq.
Qeyd edək ki, "Nəsimi" filmi 1973, "Dədə Qorqud" filmi isə 1975-ci ildə çəkilib.

Digər xəbərlər