Rəsul Rza yaradıcılığına bir baxış
Xalq şairi Rəsul Rzanın anadan olmasının 100-cü ildönümü münasibətilə "Literaturnaya qazeta"nın əlavəsində - qəzetlə MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun birgə layihəsi olan "Yevraziyskaya muza" qəzetinin "Vek" rubrikasında "Qürur duyduğum şəhər" adlı məqalə dərc olunmuşdur.
Məqalənin müəllifi, tanınmış şair Nəsib Nəbioğlu yazır ki, əsərlərinə mövzu rəngarəngliyi, dərin məzmun və parlaq metafora xas olan Rəsul Rza XX əsr Azərbaycan ədəbiyyatının ən böyük simalarından biridir. Onun şeirləri sanballı məna yükü, oynaqlığı və təbii emosionallığı ilə seçilir.
Müəllif yazır: "Rəsul Rza Azərbaycan ədəbiyyatına novator şair kimi daxil olmuş, klassik şeir üslubunu mürəkkəbləşdirən və zənginləşdirən cəsarətli eksperimentlər aparmışdır. O, Azərbaycan üçün ənənəvi "heca" və "əruz" vəznlərində deyil, yeni sərbəst üslubda - tonik şeir üslubunda yazıb-yaratmış, hər bir sözünə ölçülüb-biçilmiş məna çaları vermiş, orijinal qafiyələr yarada bilmişdir".
Rəsul Rza poeziyasının cazibəsi, ilk növbədə, intonasiyanın səmimiliyində, məhrəmliyində, inandırmaq gücündə, şeirin özünün melodiyasındadır. Məqalədə Rəsul Rzanın yüksək poeziyası, XX əsrdə yeni qeyri-ənənəvi poetikanın banisi kimi onun Azərbaycan ədəbiyyatının inkişafına verdiyi sanballı töhfəsi geniş təhlil edilir. Qəzetdə şairin "Bakı", "Müxtəlif baxışlar", "Skripka, qoca bağban və skripka ustası haqqında ", habelə, "Uşaqlıq dövrü" şeirləri dərc olunmuşdur.