Fransız dili dərsliyi işıq üzü görüb
Bu günlərdə Azərbaycan Dillər Universitetinin praktik fransız dili kafedrasının müdiri, professor Əsgər Zeynalovun və filologiya elmləri namizədi, dosent Səyyarə Nəcəfovanın, həmçinin, kafedranın müəllimi Sənubər Mustafayevanın müəllifliyi ilə ali məktəblər üçün "Manuel de Français" adlı fransız dili dərsliyi işıq üzü görmüşdür. Dərslik Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə ali məktəblərdə istifadə üçün təsdiq edilmişdir. Dərslikdə fransız dilinin qrammatikası, leksikası və fonetikası ətraflı olaraq öz əksini tapmışdır.Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə, Boloniya prosesinə keçidlə əlaqədar istər bakalavr, istər magistr pilləsi üçün yeni dərsliklərin yazılmasına ehtiyac duyulur.
Təqdim olunan giriş kursu üçün nəzərdə tutulmuş "Fransız dili" dərsliyi müəyyən dərəcədə bu boşluğu doldurmaq üçün yazılmışdır. Bu kitabı əvvəlki rus müəlliflərinin dərsliklərindən fərqləndirən əsas və başlıca cəhət, ilk növbədə, milli maraqların nəzərə alınmasıdır. Cəmi 16 dərsdən ibarət olan bu dərslikdə əsas məqsəd tələbələrin səsləri mənimsəyərək, sözlərin düzgün tələffüzünü öyrənmək, yazılı və şifahi nitqi inkişaf etdirmək ədəbi mətnləri oxuyub tərcümə edə bilməkdən ibarətdir.