PDF Oxu

Mədəniyyət

  • 14

Kukla Teatrları Həftəsi keçiriləcək

Kukla Teatrları Həftəsi keçiriləcək
Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli Sərəncam imzalamışdır. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulmuşdur. Böyüməkdə olan nəslin bədii-estetik zövqünün formalaşması, habelə, respublikada fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq fəaliyyətlərinin təhlil edilməsi, mütəxəssis rəyinin öyrənilməsi məqsədilə 2010-cu il iyun ayının 17-dən 23-dək Qax şəhərində Kukla Teatrları Həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Zöhrə Əliyevanın məlumatına istinadən, bu tədbirdə respublikamızda fəaliyyət göstərən 5 kukla teatrı (Azərbaycan Dövlət Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Kukla Teatrı) iştirak edəcək, sənətsevərlərə 10 tamaşa təqdim olunacaqdır. Tanınmış teatr tənqidçilərinin, aktyor və rejissorların iştirakı ilə kukla teatrının bugününə, inkişaf problemlərinə həsr olunmuş dəyirmi masanın keçirilməsi də nəzərdə tutulmuşdur. "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına əsasən 2011-ci ildə Bakıda UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə kukla teatrları həftəsinin keçirilməsi planlaşdırılır.

Digər xəbərlər