"İpək yolu" Beynəlxalq Musiqi Festivalı reallaşacaq
Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun sonunda Şəki şəhərində "İpək yolu" Beynəlxalq Musiqi Festivalı reallaşacaq. Dörd gün davam edəcək musiqi bayramının təntənəli açılış mərasiminin Şəki xanları sarayının həyətində baş tutacaq. Mərasimdə yerli və Bakıdan gəlmiş kollektivlər geniş konsert proqramı ilə çıxış edəcəklər. Festivalın proqramına uyğun olaraq növbəti günlərdə musiqi kollecində, Kiş kəndindəki alban məbədinin həyətində, Şəki Dövlət Dram Teatrında Koreya Respublikasının folklor kollektivinin, "Sarı gəlin" Norveç-Azərbaycan ansamblının, Qara Qarayev adına Kamera Orkestrinin, Bəstəkarlar İttifaqı Simli Kvartetinin konsertləri təqdim ediləcək. Bundan əlavə, festival çərçivəsində Simli Kvartet Şəki musiqi kollecində ustad dərsləri keçəcək, Azərbaycan Dövlət Opera və Balet Teatrı "Yuxarı Karvansara" mehmanxana kompleksində Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" və Müslüm Maqomayevin "Şah İsmayıl" tamaşalarını təqdim edəcək.
Festivalın bağlanış günündə isə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivi və Simfonik Orkestri konsert proqramları ilə çıxış edəcək.