Rasim Ocaqovun filmləri nümayiş olunacaq
İyun ayının 5-dən 27-dək "İbrus" Teatrında xalq artisti, görkəmli kinorejissor və operator Rasim Ocaqovun filmlərindən ibarət festival baş tutacaq. Bu barədə teatrın mətbuat xidmətindən məlumat verilib. Festival çərçivəsində Rasim Ocaqovun "O, İstanbul", "Park", "Ad günü", "Təhminə", "Həm ziyarət, həm ticarət" filmləri daxil olmaqla, 8 filmin nümayiş etdirilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Rasim Ocaqov 1951-1956-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu-rejissor işləyib. 1982-ci ildə Azərbaycan SSR xalq artisti, 1967-ci ildə Azərbaycan SSRİ və Çeçen-İnquş MSSR əməkdar incəsənət xadimi, 1980-ci ildə isə SSRİ Dövlət mükafatı və Azərbaycan SSR Dövlət Mükafatı laureatları adlarına layiq görülüb.