PDF Oxu

Mədəniyyət

  • 14

Zamiq Əliyevin 60 illik yubileyi qeyd olundu

Zamiq Əliyevin 60 illik yubileyi qeyd olundu
Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Zamiq Əliyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Mərkəzin foyesində yubilyarın həyat və yaradıcılığına həsr edilmiş fotosərgi təşkil edilmişdi. Gecəyə Zamiq Əliyevin 40 illik yaradıcılığına həsr edilmiş videomaterialın nümayişi ilə başlanıldı.
Milli Məclisin deputatlarının, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri yubiley mərasimini giriş sözü ilə xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub açaraq, Zamiq Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verdi. O, qeyd etdi ki, Azərbaycan muğam tarixində Sadıqcandan başlayaraq, nüfuzlu, şəxsiyyətli tarzənlərimiz çox olmuşdur. Onların hər biri xalqın ürəyində sevgi və məhəbbət məbədi yaratmışdır.
Müasir dövrdə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə muğamlarımız dünyada daha geniş şəkildə təbliğ olunmağa başlanmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın muğam sənətinə bəxş etdiyi ikinci ömür isə bu sahənin inkişafı üçün daha böyük üfüqlər açmışdır. Zəlimxan Yaqub bildirdi ki, tarzən müasir dövrümüzdə tanınan, sevilən, ən fəal ictimai xadim səviyyəsində olan bir sənətkardır. O öz yorulmaz fəaliyyəti ilə keçmişdən bizə yadigar qalan milli ənənəni qorumaqla yanaşı, daim yeniliyə, müasirliyə can atan bir ifaçıdır. Bunun nəticəsidir ki, Zamiq Əliyevin ifaları həmişə sevilə-sevilə dinlənilir. Tarzənin ifaçılıq sənətində qazandığı uğurlar, sənətkarın çoxsaylı musiqi bəstələri ilə bir daha tamamlanır. İndiyədək dünyanın 50-dən çox ölkəsində Azərbaycan musiqisini böyük həvəslə təbliğ etmiş tarzən Zamiq Əliyev bu gün də ənənəsinə sadiqdir.
Tədbirdə akademik Vasim Məmmədəliyev, xalq artistləri Habil Əliyev, Arif Babayev və başqaları çıxış edərək, Zamiq Əliyevin mənalı ömür yolundan, istedadlı tarzən kimi Azərbaycan musiqisinin, xüsusilə, milli muğamlarımızın beynəlxalq aləmdə təbliği istiqamətində yorulmaz fəaliyyətindən, bir pedaqoq kimi yeni ifaçılar nəslinin yetişməsi sahəsində xidmətlərindən söhbət açaraq, onu əlamətdar yubiley münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzuladılar.
Yubilyar gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, fəaliyyətini milli musiqimizin inkişafı, təbliği sahəsində davam etdirəcəyini bildirdi.
Yubiley mərasimi tanınmış sənətkarların ifasında geniş konsert proqramı ilə davam etdirildi.

Digər xəbərlər