Həmyerlimiz İstanbul festivalının açılışında çıxış edəcək
İstedadlı gənc həmvətənimiz skripkaçı Elvin Qəniyev Spivakov Xeyriyyə Fondunun təşkil etdiyi "Moskva dostlarını qarşılayır" nüfuzlu beynəlxalq festivalda böyük uğurla çıxış etmişdir.
Rusiyanın tanınmış musiqiçisi Vladimir Spivakov artıq yeddinci dəfədir ki, istedadlı uşaqları gənc musiqiçilərin nüfuzlu baxışında iştiraka dəvət edir. "Moskva dostlarını qarşılayır" festivalı Spivakov Xeyriyyə Fondunun ən irimiqyaslı layihəsidir və ötən yeddi ildə dünyanın ən istedadlı uşaqlarını toplaya bilmişdir. Onların sırasında ötən il festivalın fəxri qonaqları siyahısına daxil edilmiş istedadlı gənc Elvin Qəniyev də vardır.
11 yaşlı Elvin Qəniyev Azərbaycanın böyük bəstəkarı Qara Qarayevin "Vals"ını və Q.Venyavskinin "Orijinal mövzuda variasiyalar"ını məharətlə ifa etmişdir. Onun çıxışı tamaşaçıların sürəkli alqışları ilə qarşılanmış, Rusiya melomanlarının rəğbətini qazanmışdır.
"Azərbaycan Paqaninisi", "Kiçik Motsart" adlandırılan istedadı həmvətənimiz 1997-ci ildə Türkiyədə anadan olmuşdur. O, beynəlxalq müsabiqələrin və festivalların laureatıdır. Onun adı Azərbaycanın gənc istedadlarının Qızıl Kitabına daxil edilmişdir.O, Roma Papasının medalı ilə təltif olunmuşdur. Elvin Qəniyev məşhur pedaqoq Zaxar Bronun şagirdidir. Bu oğlanın gələcəkdə böyük musiqiçi olacağını duyan Zaxar Bron şagirdi olmağı ona təklif etmişdi. Elvin 11 yaşında Venyavski adına müsabiqənin laureatı oldu. Yalnız dünyada tanınan Maksim Venqerov bu yaşda Venyavski adına müsabiqənin laureatı olmuşdur.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin bu yaxınlarda Türkiyəyə səfəri zamanı onun xanımı Svetlana Medvedeva Ankarada Elvin Qəniyevin ifasını dinlədikdən sonra, ona yaxınlaşmış, xoş sözlər söyləmiş, bildirmişdi ki, Moskvada Elvini bir daha dinləmək istərdi. Artıq iki ildir ki, Elvin Qəniyev üçün Spivakov Fondunun Mərkəzi Musiqi Məktəbində məqsədli yer açılır, lakin bu təklifə əməl etmək mümkün deyildir. Çünki gənc musiqiçi Almaniyada və İsveçrədə yaşayan dünyanın ən yaxşı pedaqoqlarından biri olan Zaxar Brondan dərs alır. Bu il Elvin Qəniyev Türkiyədə ən yaxşı ifaçı elan edilmişdir.
Qeyd etmək lazımdır ki, Elvin Qəniyev YUNESKO-nun Parisdə təşkil etdiyi beynəlmiləl festivalda Azərbaycanı təmsil etmiş, iki konsert vermişdi. Respublika Günü Elvin Qəniyev Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadənin dəvəti ilə Praqada ikihissəli solo konserti ilə çıxış edəcəkdir. Elvin iyunun 3-də Türkiyənin ən tanınmış orkestri ilə birlikdə İstanbul festivalının açılışında çıxış edəcək və Güver Aykanın dirijorluğu ilə Venyavskinin konsertini ifa edəcəkdir.