PDF Oxu

Mədəniyyət

  • 11

Bədii təhsil üzrə İkinci Dünya Konfransı keçiriləcək

Bədii təhsil üzrə İkinci Dünya Konfransı keçiriləcək
Koreya Respublikasının Seul şəhərində YUNESKO-nun bədii təhsil üzrə İkinci Dünya Konfransı keçiriləcəkdir. Konfrans 25 may tarixində öz işinə başlayacaq. İkinci Dünya Konfransı bədii təhsili aşılayan ali, orta ixtisas və uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rolunun, onların gələcək inkişafının, habelə, beynəlxalq səviyyədə əhəmiyyətinin vacibliyinə həsr olunmuşdur. Konfransda dövlət qurumlarında çalışanlarla bərabər, sahə üzrə təcrübəli mütəxəssislər, müəllimlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, YUNESKO üzrə Milli Komissiya və YUNESKO-nun Moskva üzrə qərargahının təşəbbüsü ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi konfransda təmsil olunacaqdır. Nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev ekspert qismində konfransa dəvət olunmuşdur. Konfransın gündəliyinə plenar iclaslar, dəyirmi masalar, ayrı-ayrı işçi qrupların yığıncaqları, habelə, tədbirdə müxtəlif ölkələrin dövlət təmsilçilərinin görüşlərinin keçirilməsi daxil edilmişdir. Nəticə etibarilə iştirakçı ölkələrdə bədii təhsilin inkişaf imkanları araşdırılacaq və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin ümumiləşdirilməsi məsələləri geniş müzakirə obyekti olacaqdır.

Digər xəbərlər