"Bakı - İslam mədəniyyətinin paytaxtıdır - 2009" tədbirləri çərçivəsində kitab nəşr edilib
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının iclas zalında mayın 19-da Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə işıq üzü görən "Sevgi fəsli" kitabının təqdimat mərasimi keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən qəzetimizə verilən məlumata istinadən, "Bakı - İslam mədəniyyətinin paytaxtıdır - 2009" tədbirləri çərçivəsində nəşr edilən kitabda islam ölkələri şairlərinin şeirləri toplanıb. Müxtəlif ədəbi nəsilləri təmsil edən söz ustaları, əsasən, islami-mədəni-mənəvi dəyərlərin, insan sevgisinin vəsfinə nail olub, duyğu və düşüncələrini obrazlı ifadə etməyi bacarıblar.
"Sevgi fəsli"ndə Türkiyə, İraq, İran, Özbəkistan, Qazaxıstan, Pakistan, Misir, Əfqanıstan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Fələstin, Livan, Tatarıstan, Abxaziya və təbii ki, Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrinin şeirləri daxil edilib. "Çinar-çap" nəşriyyatında buraxılan kitabın tərtibçisi və redaktoru Ağacəfər Həsənlidir.