PDF Oxu

Mədəniyyət

  • 24

"Məhəbbət əfsanəsi" baletinin premyerası anşlaqla keçib

"Məhəbbət əfsanəsi" baletinin premyerası anşlaqla keçib
Taras Şevçenko adına Ukrayna Milli Akademik Opera və Balet Teatrında böyük Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası anşlaqla keçmişdir. Premyeranın təşkilatçıları Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ukraynadakı səfirliyi olub. Xatırladaq ki, böyük türk şairi Nazim Hikmətin pyesi əsasında yazılmış bu möhtəşəm balet dünyanın 65 ölkəsinin səhnəsində oynanılıb. Adlı-sanlı Kiyev teatrının səhnəsində "Məhəbbət əfsanəsi"nə yeni səhnə həyatını baletin bədii rəhbəri Viktor Yeremenko, Ukraynanın xalq artisti, quruluşçu dirijor Aleksey Baklan, Ukraynanın xalq artisti, baletmeyster Eleonora Steblyak, quruluşçu rəssam Tadey Rindzyak və başqaları bəxş ediblər. Əsas partiyaları xoreoqrafiya sənəti sahəsində A.F.Şekera adına mükafatın laureatları, mahir balet ustaları Yelena Filipyeva, Tatyana Qolikova, Maksik Çepik və başqaları ifa ediblər. Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev, Ukraynanın mədəniyyət və turizm naziri Mixail Kulinyak, teatrın baş direktoru Pyotr Çuprina, Eleonora Steplyak tamaşaçıları salamlayıblar. Tamaşaçılar "Məhəbbət əfsanəsi"ni gurultulu alqışlar, "Bravo", "Bravissimo" sədaları ilə qarşılayıblar. Səhnəyə Heydər Əliyev Fondu, Ukrayna və Azərbaycan mədəniyyət və turizm nazirlikləri, Azərbaycanın və Türkiyənin Kiyevdəki səfirlikləri, digər dövlət və ictimai təşkilatlar adından gül səbətləri qoyulub. Azərbaycan, Ukrayna və Türkiyənin mədəni həyatında parlaq hadisəyə çevrilmiş premyera diplomatik nümayəndəliyimiz adından təntənəli qəbulla başa çatıb.

Digər xəbərlər