Gənc pianoçuların festivalı keçiriləcək
Mayın 11-13-də Polşa Respublikasının Azərbaycandakı Səfirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Friderik Şopen adına gənc pianoçuların festivalını keçirəcək. Festival dahi Polşa bəstəkarı Friderik Şopenin anadan olmasının 200 illik yubileyinə həsr olunmuşdur. Tədbirdə Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcəklər. Festival iki yaş qrupu üzrə keçiriləcək: 1-ci qrup - 13 yaşadək; 2-ci qrup - 14-17 yaş. Hər iki qrup üzrə iştirakçıların seçimi iki mərhələdən ibarət olmaqla onların dinlənilməsi yolu ilə həyata keçiriləcəkdir. Festivalda gənc pianoçular İ.S.Baxın iki və ya üç səsli invensiyasını, Y.Haydn, V.A.Motsart və L.V.Bethovenin sonatalarını, F.Şopenin noktürn, mazurka, polonez, prelüd və valslarını, Azərbaycan bəstəkarlarının əsərlərini ifa edəcəklər. Bu zaman bütün əsərlər əzbərdən ifa olunmalıdır. Dinlənilmə prosesi, o cümlədən, laureatların konserti aşkarlıq şəraitində keçiriləcəkdir. Hər iki yaş qrupu üzrə 1-ci, 2-ci və 3-cü yerlərə layiq görülən qaliblər müvafiq diplom və hədiyyələrlə təltif olunacaqlar. Laureatların konserti ilə festivala yekun vurulacaqdır.