PDF Oxu

Mədəniyyət

  • 11

Opera və Balet Teatrının simfonik orkestri Münxen Opera Sənəti Festivalında iştirak edəcək

Opera və Balet Teatrının simfonik orkestri Münxen Opera Sənəti Festivalında iştirak edəcək
Bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi Avropada ən mötəbər musiqi festivallarından biri olan Münxen opera sənəti festivalının bədii rəhbəri cənab Lüdviq Baumandan teatrın simfonik orkestrinin bu festivalda iştirak etməsi ilə bağlı dəvət məktubu almışdır.
Qeyd edək ki, teatrın simfonik orkestri artıq iki dəfə - 2007 və 2008-ci illərdə Münxen festivalına dəvət almış və orada iştirak etmişdi. Həmin səfərlərdə orkestrin çıxışı festivalın təşkilatçılarından, musiqi tənqidçiləri və Almaniya KİV-ləri tərəfindən yüksək qiymətə layiq görülmüşdü.
Orkestrin budəfəki qastrol səfəri avqustun 5-dən 10-na kimi olan müddətə nəzərdə tutulmuşdur və musiqiçilər səfər çərçivəsində festivalın Qala-konsertində çıxış edəcəklər. Qala konsertdə Avropanın ən məşhur bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov və P.Bülbüloğlunun musiqiləri səslənəcəkdir.
Qala-konsertdə orkestrin çıxışı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov və Münxen Opera Sənəti Festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk idarə edəcəkdir. Simfonik orkestrin Almaniyaya qastrol səfəri Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə baş tutacaqdır.
Heç şübhəsiz ki, musiqiçilərimizin Almaniyada keçirilən bu nüfuzlu festivalda iştirakı orkestrin yüksək professional səviyyəsinin parlaq nümunəsi olmaqla yanaşı, həm də bütünlükdə, respublikada akademik sənətin Avropa miqyasında artıq özünü təsdiq etdiyini bir daha sübut edir.

Digər xəbərlər