"Azərbaycan və Avstriya dostluq görüşü" adlı konsert keçirilib
Avstriyanın paytaxtı Vyanada Avropanın ən məşhur konsert salonlarından olan "Vyanakonzerthaus" zalında "Azərbaycan və Avstriya dostluq görüşü" adlı konsert olmuşdur. Həmin gecə dünyaşöhrətli Vyana Kamera Orkestri ilə bərabər Azərbaycan Respublikasının xalq artisti, professor, beynəlxalq müsabiqələr laureatı, tarzən Ramiz Quliyev, müğənni Fəramərz Gərmrudi (İran), dirijor Əyyub Quliyev, Ceyhun Allahverdiyev (fortepiano) və Ramiz Quliyevin rəhbərlik etdiyi "Odlar Yurdu" ansamblı - Elşən Mənsurov (kamança), Şirzad Fətəliyev (balaban, tütək, zurna) və Kamran Kərimov (nağara) iştirak etmişlər. Konsert "Mayan Koegel" şirkətinin təşkilatçılığı və Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə baş tutmuşdur.
Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin dirijorluğu ilə Vyana Kamera Orkestri ilk dəfə Azərbaycan bəstəkarları - Ü.Hacıbəyli, Q.Qarayev, F.Əmirov, H.Rzayev, həmçinin, dahi Avstriya bəstəkarları V.Mosart və F.Şubertin müxtəlif əsərlərini ifa etmişdir.
Qeyd etmək lazımdır ki, konsert proqramında Azərbaycan klassik muğamları və xalq mahnılarına da geniş yer ayrılmışdır. Bəstəkar C.Allahverdiyev tərəfindən solo vokal və kamera orkestri üçün işlənilmiş Azərbaycan xalq mahnılarının "Odlar Yurdu" ansamblının müşayiəti ilə F.Gərmrudinin ifası da böyük marağa səbəb olmuşdur. Professor Ramiz Quliyevin Avstriya və Azərbaycan bəstəkarlarının əsərlərini ilk dəfə olaraq "Vyanakonzerthaus" salonunda ifası da alqışlarla qarşılanmışdır. Tanınmış Avstriya bəstəkarı Maynxard Rüdenauerin xüsusi olaraq bu gecə üçün bəstələmiş "The İnner Waltz" ("Ürəklərdə yaşayan Vals") əsərinin premyerası da konsertin ən maraqlı məqamlarından olmuşdur. Həmin kompozisiyada müəllifin arzusu ilə Azərbaycan milli musiqi alətləri-tar və balabandan istifadə olunması əsərə xüsusi təravət vermişdir. Konsertin sonunda Vyana Kamera Orkestri və "Odlar Yurdu" ansamblı proqramdan əlavə, bir neçə əsəri yenidən ifa etmiş və dinləyicilərin ayaq üstündə alqışları ilə qarşılanmışdır. Musiqiçilərimiz dunyanın ən məşhur konsert salonlarından olan Vyana Filarmoniyasında çıxış etmək ucun yeni dəvət almışlar.