Azərbaycan teatrı 2009-2019-illərdə"
Azərbaycan Respublikası Prezidenti "Azərbaycan teatrı 2009-2019-illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli Sərəncam imzalamışdır. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulmuşdur. 2010-cu il fevral ayının 22-də start götürmüş Milli Teatr Festivalının birinci mərhələsi artıq başa çatmışdır. Festivalın birinci mərhələsində 6 teatr iştirak etmişdir. Tamaşalar Azərbaycan Teatr Xadimləri İttifaqının və Sumqayıt Dövlət Musiqili Dram Teatrının səhnələrində oynanılmışdır. Dövlət Gənc Tamaşaçılar Teatrının foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdirilmişdir. Növbəti mərhələ 2010-cu il aprel ayının 3-dən iyunun 15-dək davam edəcək. Bakı və Sumqayıt şəhərlərində 192 nəfərdən ibarət yaradıcı kollektivlərin iştirakı nəzərdə tutulmuşdur. Bu müddətdə Bakı və Sumqayıt şəhərlərində Ağdam, Füzuli, Şəki, Qusar, Mingəçevir və Naxçıvan dram teatrları, Salyan və Naxçıvan kukla teatrlarının çıxışları planlaşdırılmışdır.