Avropa Şurasının Mədəni irs və Mədəniyyət üzrə Rəhbər Komitələrinin iclasları keçiriləcək
4-7 may tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Mədəni irs və Mədəniyyət üzrə Rəhbər Komitələrinin iclasları, eyni zamanda, mədəniyyət üzrə rəhbər komitənin büro üzvlərinin görüşü keçiriləcək. İclasda mədəniyyət və turizm nazirinin müavini, komitənin büro üzvü Sevda Məmmədəliyeva iştirak edəcək. İclaslarda Azərbaycan hökumətinin təşəbbüsü ilə 2011-ci ildə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Avropa Şurasında aparılacaq islahatlar, həyata keçirilən layihə və proqramlar, "Sənətçilər dialoq naminə" layihəsi, Avropa Şurasının Kiyev Təşəbbüsü Regional Proqramı, Kompendium layihəsi ilə bağlı müzakirələrin aparılması gözlənilir. Səfər çərçivəsində Sevda Məmmədəliyevanın Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii irs üzrə direktoru Robert Palmer və digər məsul şəxslərlə, həmçinin, Strasburq şəhər merinin müavini xanım Navl Rafik-Elmrini ilə ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.