"Drip drop" mahnısının klipi ilk dəfə nümayiş olunub
Azərbaycanı "Eurovision-2010" mahnı müsabiqəsində təmsil edəcək Səfurə Əlizadənin ifa etdiyi "Drip drop" mahnısının klipi ilk dəfə nümayiş olunmuşdur.
Ukraynada çəkilişləri aparılan bu klipdə dünyanın ən tanınmış mütəxəssisləri iştirak etmişlər. "Drip drop" mahnısının müəllifləri isveçli Anders Bagge, Stefan Örn və Sandra Bjurmandır. Tanınmış prodüser Niklas Flikt isə bu mahnını aranjeman etməklə yanaşı, həm də, prodüseridir. Səfurə Əlizadənin xoreoqrafı JaGuel Nayt, stilisti Tanya Cilldir.
Hər üç peşəkar İTV, "Euromedia" və "Luxen Group of Companies" tərəfindən dəvət olunmuşlar.
Klipin süjeti qarşılıqsız sevgi üzərində qurulmuşdur. Səfurə Əlizadəni ukraynalı rəqqaslar müşayiət etmişlər. Təqdim olunmuş klipi mütəxəssislər yüksək qiymətləndirmiş, beynəlxalq standartlara uyğun çəkildiyini qeyd etmişlər. Klipin yaxın müddətdə bir sıra ölkələrin telekanallarında nümayişi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Səfurə Əlizadə "Eurovision-2010" mahnı müsabiqəsinin mayın 27-də keçiriləcək II yarımfinalında çıxış edəcək, 16 ölkə təmsilçisi ilə birgə finala çıxmaq uğrunda mübarizə aparacaq.