Nazim Hacıəlibəyov "Don Kixot " baletinə dirijorluq edib
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş dirijoru, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Don Kixot " baletinə dirijorluq etmişdir.
1983-cü ildən bəri bu teatrda çalışan və həmin müddətdə onlarla tamaşaya dirijorluq edən Nazim Hacıəlibəyov Opera Teatrına dəvət olunmasını yaradıcılığında yeni bir səhifənin başlanğıcı sayır:
- Mən Moskvada məşhur Böyük Teatrda təcrübə keçərkən, orada çalışan dünya şöhrətli dirijorların işini izləmək, onların yaradıcılıq imkanlarından bəhrələnmək, nələrisə öyrənmək imkanı qazanmışam. Bizim 100 yaşlı teatrımızın səhnəsində bir sıra yaddaqalan əsərlərin dirijoru olmuşam və həmişə də düşünmüşəm ki, qazandığım zəngin iş təcrübəmə güvənib, Opera və Balet Teatrının da repertuarındakı hər hansı bir əsərə dirijorluq edə bilərəm. Elə buna görə də, opera teatrı rəhbərliyinin təklifini məmnuniyyətlə qəbul etdim və 27 ildən bəri çalışdığım doğma kollektivdə iş rejimimin xeyli gərgin olmasına baxmayaraq, "Don Kixot" tamaşasının dirijoru olmağa razılıq verdim. Tamaşa çox uğurlu alındı. Etiraf etməliyəm ki, orkestr yüksək peşəkarlıq səriştəsinə və musiqi həssaslığına malik olan ifaçılardan ibarət olduğu üçün o qədər də çətinlik çəkmədim. İnanıram ki, teatrlarımızın bu əməkdaşlığı davam etdiriləcəkdir.
Onu da qeyd edək ki, hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında məşqləri gedən "Ləpələr" (bəstəkar Arif Məlikov) və "Amerikalı kürəkən" (bəstəkar Ramiz Mirişli) tamaşalarının dirijoru da Nazim Hacıəlibəyovdur.