Georgi Şaroyevin yubileyi geniş şəkildə qeyd olunur
Azərbaycanın Əməkdar İncəsənət Xadimi, pianoçu, pedaqoq, professor Georgi Şaroyevin anadan olmasının 120 və onun adını daşıyan 35 nömrəli onbir illik musiqi məktəbinin 75 illik yubileyi münasibətilə silsilə konsertlər təşkil edilir.
Mədəniyyət və Turizm Nazirliyinin Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi ilə birgə təşkil etdiyi ilk konsert proqramı M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilmişdir.
Konsertdə G.Şaroyev adına 35 nömrəli musiqi məktəbinin şagirdləri çıxış etmişlər.
Xatırladaq ki, mayın 5-də Filarmoniyada, 6-da Azərbaycan Dövlət İncəsənət Muzeyində, 13-də isə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində G.Şaroyev adına 35 nömrəli onbir illik musiqi məktəbi şagirdlərinin, məzunlarının və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları nəzərdə tutulur. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Teymur Göyçayevdir.
Qeyd edək ki, 35 nömrəli musiqi məktəbinin yaradıcısı G.Şaroyev olmuşdur. Görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin nəslindən olan G.Şaroyev Sankt-Peterburq Konservatoriyasını bitirdikdən sonra Azərbaycanda professional bəstəkarlıq məktəbinin və musiqi təhsilinin bünövrəsini qoymuş Üzeyir Hacıbəylinin dəvəti ilə 1919-cu ildə Bakıya musiqi müəllimi kimi gəlmiş və taleyini ömürlük bu şəhərlə bağlamışdır.