"Bakı-Təbriz-İzmir gecələri" reallaşıb
Bu yaxınlarda Türkiyənin İzmir şəhərində "Bakı-Təbriz-İzmir gecələri" reallaşıb. Bakı şəhər mədəniyyət və turizm idarəsindən verilən məlumata istinadən tədbirə Azərbaycandan xalq artisti Flora Kərimova, tanınmış müğənni Aslan Hüseynov, gənc estrada ifaçısı Rövşən Cəbişov və jurnalist Firuzə Əsədullayeva dəvət alıb. Türkiyədən isə ozanlar Ali Rıza Ezgi, Novruz Əli Çiçək və şair Öztürk Erbək tədbirə qatılıblar. Konsertin birinci hissəsində tamaşaçılar əslən azərbaycanlı Elmar Əzimzadənin, onun həyat yoldaşı Bəyim Əzimzadənin, eyni zamanda, Julien Lapunin, Dilan İlhanın və Bahtiyar Ondərinin ifasında Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyov, F.Əmirov, C.Cahangirov, Ə.Səlimi) əsərlərini dinləyiblər. İkinci hissədə isə türk mahnıları və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Festivalın üçüncü gecəsi - "Reşid Behbudovu anma konserti"ndə Hollandiyadan gələn opera sənətçisi, əslən güneyli Rza Təbrizli və Türkiyədə yaşayan azərbaycanlı müğənni Elgün Quliyev, azərbaycanlı pianoçulardan İstanbul Konservatoriyasının müəllimi Təranə Abbaszadə və Gülnarə Özdəmirin ifaları, tədbirin aparıcısı M.Alıqızının söylədiyi şeirlər alqışlarla qarşılanıb.