PDF Oxu

Mədəniyyət

  • 19

V Respublika Müsabiqəsinə start veriləcək

V Respublika Müsabiqəsinə start veriləcək
Mədəniyyət və turizm nazirliyi tərəfindən uşaq muğam ifaçılarının V Respublika Müsabiqəsinin keçirilməsi barədə müvafiq əmr imzalanmışdır. Müsabiqə 2010-cu il may ayının 17-dən 21-dək Astara şəhərində keçiriləcəkdir. Müsabiqə Azərbaycan xalqının mədəni sərvətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi, Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamların, xalq mahnıları və təsniflərin ayrı-ayrı regionlarda geniş təbliğ olunması, yeni istedadlı gənc muğam ifaçılarının üzə çıxarılması və mədəniyyət ocaqlarında bu işin daha da canlandırılması məqsədi daşıyır. Müsabiqənin münsiflər heyətinə respublikanın xalq artistləri Canəli Əkbərov (sədr), Səkinə İsmayılova, Mənsum İbrahimov, Ağaverdi Paşayev, əməkdar artistlər Gülyaz Məmmədova və Gülüstan Əliyeva daxil edilmişlər. Müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar təsis olunmuşdur: I mükafat - 500 manat, I dərəcəli diplom və laureat adı, II mükafat - 300 manat, II dərəcəli diplom və laureat adı, III mükafat - 250 manat, III dərəcəli diplom və laureat adı, IV mükafat - 200 manat, IV dərəcəli diplom və laureat adı, 5 həvəsləndirici mükafat - hər biri 150 manat və diplom. Müsabiqə iki tur üzrə - I tur 2010-cu ilin may ayının 11-dək şəhər və rayon mədəniyyət evlərində, II tur isə 2010-cu ilin may ayının 17-21-də Astara şəhərində keçiriləcəkdir. Bu turda müsabiqənin qalibləri müəyyən olunacaqdır.

Digər xəbərlər