Elmi-Metodiki Mərkəzin əməkdaşları üçün beynəlxalq təlimlər keçirilir
2009-cu ildə Rusiya Kulturologiya İnstitutu və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrası ilə imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları üçün adı çəkilmiş elmi müəssisələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq təlimlərin keçirilməsini nəzərdə tutulub. Belə ki, təlimlərin keçirilməsi məqsədilə Rusiya Kulturologiya İnstitutunun direktor müavini xanım N.Kryukova və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrasının direktoru xanım N.Çikovani Azərbaycana dəvət olunublar. Təlimlər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin binasında cari ilin 22-23 aprel tarixlərində keçiriləcək. Təlimlər zamanı Rusiya və Gürcüstanın tanınmış alimləri elmi işin təşkili, elmi tədqiqatlara qrant imkanlarının cəlb olunması, kulturologiyada müasir tendensiyalar və onların təzahür formaları, habelə, digər bir sıra aktual məsələlərə dair öz dəyərli məsləhətlərini verəcəklər. Yerli mütəxəssislər üçün təşkil olunacaq təlimlərin başlıca məqsədi Azərbaycanda milli mədəniyyətşünaslıq məktəbinin yaradılmasıdır.