Dünya ədəbiyyatının böyük simalarından olan Vilyam Şekspir neçə əsrlərdir ki, özünün sonetləri, poemaları ilə diqqət mərkəzində olaraq, ədəbiyyatşünaslar tərəfindən müxtəlif aspektlərdə təhlil edilib. Onun yaradıcılıq irsinin meyarları araşdırılaraq təqdim olunur. Təbii ki, bu təqdimat bir ədəbiyyatşünasın Şekspir yaradıcılığına üslub, dil, forma və məzmun baxımından yanaşmasıdır.
Son illər Şekspir irsinin tədqiqatçısı kimi tanınan və onun yaradıcılığına yeni bir ölçüdən yanaşan Seyran Məkan Azərli klassikin sonetlərinin mahiyyətini elmi şəkildə araşdıraraq təqdim etmişdir. Dünya ədəbiyyatında 154 mükəmməl sonetinin müəllifi kimi tanınan Vilyam Şekspirin yaradıcılığına yeni bir aspektdən yanaşan tədqiqatçı çox gərgin əməyi və ədəbiyyatımızda bu gün təsadüf olunmayan bir şəkildə onların bədii dəyərini açıb göstərmişdir. "Yeni Şekspir erası" kimi təqdim olunan yazısında müəllif Şekspirin fəlsəfi mahiyyət kəsb edən bədii əsərlərinin 2 və daha çox anlam daşıyıcısı olduğunu göstərərək, mövzu palitrası, bədii təcəssümün təzadını ədəbi dünyasına mövqeyini ifadə edə bilmişdir. Bu günlərdə "Elm və təhsil" nəşriyyatında çapdan çıxmış "Renessans" ("Keçmiş sirlərin gələcək həlli", "Yüksəlsəm, ikiqat yüksələrəm") kitabı müəllifin əsasən, Şekspir yaradıcılığının fəlsəfi dünyasını özündə əks etdirən bir nümunədir. Kitaba daxil olan məqalələr müəyyən hadisələr, eləcə də, sənədlər əsasındadır. Eyni zamanda, buraya tərcümələr də daxil edilmişdir. Kitabda, xüsusilə, Bekon fəlsəfəsi xüsusi olaraq diqqətə çəkilir və onun fəlsəfi baxışları Şekspir yaradıcılıq irsinə nur çiləyir, həm də kitabın anatasiyasında deyildiyi kimi, ingilis filosofu, alimi Frensis Bekonun elmi yaradıcılığının ana xəttinin mahiyyətini özündə ehtiva edir. Müəllifin kitabda dərc etdiyi "Dünyanın ən güclü kralları..." məqaləsinin təhlili ilə
www.anl.az elektron kitabxana, kataloqda - D - dünya bir səhnədir almanaxında da tanış olmaq olar.
1993-cü ildən etibarən Şekspir irsinin tədqiqi ilə məşğul olan Seyran Məkan Azərlinin tədqiqat işi diqqətdən kənarda qalmamış, Azərbaycanın tanınmış elm xadimləri onun fəaliyyəti ilə bağlı fikirlərini söyləmişlər. Kitaba ön söz yazan şair, publisist Rafiq Oday müəllifin tədqiqatına münasibətini bildirərək, qeyd edir ki, onun bu kəşfi - "Yeni Şekspir erası" nəzəriyyəsi dünyada analoqu olmayan və 400 ildən sonra ərsəyə gələn yeni intibah mərhələsinin bir incisi, bir tapıntısıdır.
"Yeni Şekspir erası"nda müəllif Şekspirin sonetlərinə yenilik gətirərək, novatorçu, tədqiqatçı olaraq bu şeirlərin hər birini hesablamalar əsasında təqdim edir. Burada o, Şekspir əsərlərinin əsil müəllifini üzə çıxarmaq imkanı əldə etmiş olur. Şifrin köməyi ilə Şekspir kimi tanıdığımız müəllifin, əslində, Bekon olduğunu göstərir. Bu baxımdan ki, belə bir əsərlərin yalnız kamil hüquqi təhsil elminə yiyələnmiş və ən nəhayət, saray hadisələrinə şahid olan şəxs yaza bilərdi. "Buna isə Şekspirin elmi səviyyəsi imkan vermirdi" qənaətinə gələn müəllif Bekonun müəllifliyinin uzun illər təsdiq edilməməsinə, onun həmin dövrlərdə yaşamış ədəbi şəxslərin imzasından istifadə etməsi səbəb olduğunu göstərir. Seyran Məkan Bekonun rəqəm və şifrlərin köməyi ilə bütün həqiqətləri öyrənəcəyini bildirir. Vilyam Şekspir əsərlərinin əsil müəllifini üzə çıxaran, bu irsi yaradıcılığın Frensis Bekona məxsus olduğu məsuliyyətini üzərinə götürən Seyran Məkan Azərli Şekspirin bizə təqdim olunmuş həyat tərzinin tərcümeyi-halının tarixə təsadüfi düşmüş bir şəxsiyyətin parametrlərini göstərir. Beləliklə, son nəticədə müəllifin gəldiyi qənaət budur ki, o, bir aktyor kimi də çalışıb və ən uğurlu rolu "Hamlet"də Kölgə olub. Lakin bütün bunlara baxmayaraq, o, bir aktyor kimi şöhrət qazana bilməyib. Şekspir əsərlərinin fəlsəfəsində yaranan və Seyran Məkanın yaratdığı "Adonis kriptoqrafiyası" Şekspir irsinin bütünlükdə mahiyyətinə aydınlıq gətirən bir nümunədir.
"Şekspir yaradıcılığı və qravitasiyası"nda isə müəllif qravitasiyanın təbii çözümünü Şekspir yaradıcılığı ilə üst-üstə düşdüyünü göstərib və onun məntiqinin mühüm amilləri kimi qiymətləndirib.
"Renessans" kitabı müəllifin Şekspir dünyasının çox maraqlı məqamlarına olan bir səyahətdir. 1564-cü ilin 23 aprel tarixində dünyaya gələn və bu gündə də dünyasını dəyişən Vilyam Şekspir irsi müəllifin yaradıcılıq görüşlərində daha mükəmməl və maraqlı və fəlsəfədir.