"Xəmsə" kitabı işıq üzü görüb
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyevin seçilmiş əsərlərinin beşcildliyi - "Xəmsə" kitabı işıq üzü görüb.
AMEA Rəyasət Heyətinin qərarı ilə nəşr edilən cildlərdə yaşı 80-nə yaxınlaşan müəllifin 60 illik fəaliyyətinin müəyyən qismi yer almışdır. Akademikin qeyd etdiyi kimi, həmin materiallar redaktə səciyyəli cüzi düzəliş və labüd ixtisarlar nəzərə alınmazsa, oxucuların mühakiməsinə necə var, elə də təqdim olunub.
Müəllif beşcildliyində oxucularına bəzi məsələləri izah etməyi lazım bilmişdir: "İstərdim, nəzərə alınsın ki, burada haqqında söhbət gedən əsərlərin bir qismi ədəbiyyatda sosialist realizmi dövrünün məhsuludur. Bu anlayış əsasən 1934-cü ildən, yəni keçmiş SSRİ-də Yazıçıların Birinci Ümumittifaq qurultayından sonra ədəbi-elmi məişətə geniş dairədə daxil olmuşdur. Uzun illər ərzində bizdə ayrı-ayrı bədii əsərlərin, bütünlükdə, ədəbiyyatın başlıca olaraq sosialist realizmi deyilən metodun prinsipləri əsasında təhlil edilib dəyərləndirildiyi inkaredilməz bir həqiqətdir. Bunlar isə çox kəskin və prinsiplər - şərtlər idi. Onların məhdud ölçüsü və tələblərini tətbiq edərkən, ədəbiyyatın canını təşkil edən bəzi dəyərlər diqqətdən yayınır, bədiiliyin özünəməxsus qanunlarına kifayət qədər əhəmiyyət verilmirdi. Əsər, məsələn, sinfilik, müsbət qəhrəman, fəal yazıçı mövqeyi və sair kimi tələblərə cavab veribsə, o yüksək qiymətləndirilir, təriflənirdi. Əgər onda bu prinsiplərə etinasızlıq göstərilibsə, əsər də, onun müəllifi də tənqid edilirdi".
"Xəmsə"nin birinci cildi "Klassikləri oxuyarkən" adlandırılmışdır. Müəllif klassik poeziyamızın misilsiz nümunələrindən söz açarkən, onun müəlliflərinə sonsuz sevgisini bildirməkdən də çəkinməmişdir. Bu cilddə verilmiş "Nəsrəddin Tusinin şeir dünyası", "Klassik poeziya və islami dəyərlər", "Möcüzənin bayramı - Yunus İmrə", "Füzuli məktəbinin görkəmli nümayəndəsi Hacı Rza Səyyaf" yazıları müəllifin misilsiz klassik mənbəyə dərindən bələd olmasından xəbər verir.
Beşcildliyin hər bir kitabının mündəricatında verilən başlanğıc yazı sonrakı mövzulara giriş kimi nəzərdə tutulmuşdur. I cildin "Ədəbiyyat tarixçiliyinin atası" Firudin bəy Köçərliyə, II cildin "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı"na həsr edilməsi, III cildin "Xəlil Rza Ulutürkün həyatı, mübarizəsi və ədəbi irsi" adlandırılması, IV cildin "Heydər Əliyev haqqında etüdlər"lə başlanması, V cilddə "Həyat və bədii həqiqət" məsələsinin qaldırılması, heç şübhəsiz, konseptual mahiyyət daşıyır.
Yeni nəşrdə diqqətçəkən üstün cəhətlərdən biri də müxtəlif cildlərə "Ön söz" yazmış müəlliflərin sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı, AMEA-nın müxbir üzvü Teymur Kərimli, filologiya elmləri namizədi Nikpur Cabbarlı, filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov, akademik Bəkir Nəbiyevin yazıları haqqında böyük məhəbbətlə söz açmalarıdır.