Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq
Rusiya Akademik Böyük Teatrının əsas səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası artistlərinin ifasında SSRİ xalq artisti, dövlət mükafatları laureatı Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaqdır.
Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə daxil olan məlumata əsasən, bununla bağlı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Məlikova Rusiya Akademik Böyük Teatrının baş direktoru Anatoli İksanovun imzası ilə dəvət məktubu gəlmişdir.
İllərlə davam edən əsaslı təmir və bərpadan sonra yenidən fəaliyyətə başlayan Rusiya Akademik Böyük Teatrının səhnəsində 2011-ci il fevralın 22-də keçiriləcəyi planlaşdırılan tamaşa iki dost ölkənin - həm Rusiya, həm də Azərbaycanın mədəni həyatında böyük hadisəyə çevriləcəkdir.
Xatırladaq ki, hələ 2001-ci ilin dekabrında Qara Qarayevin "Don Kixot" və "Leyli və Məcnun" baletləri Moskvanın Böyük Teatrında uğurla nümayiş olunmuşdur. Şübhəsiz, Azərbaycanın opera və balet teatrının balet truppasının dünyanın ən mötəbər opera səhnələrindən biri olan Böyük Teatrın səhnəsində planlaşdırılan yeni çıxışı mədəni mühitimiz üçün son dərəcə əhəmiyyətli hadisə olacaqdır.