Hacı Məmmədovun 90 illik yubileyi qeyd olunacaq
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata əsasən, aprelin 23-də Hacı Məmmədovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir. Yubiley tədbiri Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.
Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, istedadlı tarzən, xalq artisti və tanınmış həkim-cərrah Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuş, uşaq vaxtlarından tar çalmağa həvəs göstərmiş və böyük musiqi qabiliyyəti sayəsində hələ 11 yaşında ikən Xalq Çalğı Alətləri Orkestrinə qəbul edilmişdir. Uzun illər bu orkestrdə fəaliyyət göstərmişdir.
Hacı Məmmədov 40 ildən çox Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi şux, oynaq ifa tərzi ilə həmişə diqqəti cəlb etmişdir. Təsadüfi deyildir ki, o, rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin də tarda ilk ifaçısı olmuşdur. Özündən sonra yetişən nəsil rus və Avropa bəstəkarlarının əsərlərinə müraciət etmiş və milli alətin sədalarını daha da zənginləşdirməyə müvəffəq olmuşdular. Həqiqətən də, Hacı Məmmədov ifaçılıq sənətində özünəməxsus bir məktəb yaratmış, neçə-neçə tarzənlərin yetişməsinə nail olmuşdur.
Hacı Məmmədov 1963-cü ildə xalq artisti fəxri adına layiq görülmüşdür.