Kamera Filarmonik Orkestri azərbaycanlı dirijorla birgə konsert keçirəcək
Aprelin 19-da Polşanın Kamera Filarmonik Orkestri ilə gənc azərbaycanlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin birgə konserti keçiriləcəkdir. Konsert aprelin 10-da Rusiyanın Smolensk səhərində faciəvi şəkildə təyyarə qəzasında həlak olmuş Polşa dövlət və ictimai xadimlərinin xatirəsinə həsr olunacaqdır. Qdansk şəhərinin "Müqəddəs Triniti" kilsəsində baş tutacaq konsertdə Əyyub Quliyev Polşa Kamera Filarmonik Orkestri ilə polyak bəstəkarı A.Tansmanın "Freskobaldinin mövzusu əsasında variasiyaları", B.Brittenin "Simple symphony" və dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun Polşada ilk dəfə səsləndiriləcək "Nizami" simfoniyasını ifa edəcəkdir. Məlumat üçün deyim ki, Polşa Kamera Filarmonik Orkestri 1982-ci ildə yaradılmışdır və Əyyub Quliyev bu orkestrlə çıxış edən ilk azərbaycanlı dirijordur.