PDF Oxu

Mədəniyyət

  • 10

“Topal Teymur" dramının 85 illiyinə həsr olunmuş elmi konfransa yekun vuruldu

“Topal Teymur" dramının 85 illiyinə həsr olunmuş elmi konfransa yekun vuruldu
Daşkənd şəhərində yerləşən Teymurilər tarixi dövlət muzeyində Əmir Teymurun anadan olmasının 674-cü ildönümü və Hüseyn Cavidin "Topal Teymur" əsərinin yazılmasının 85 illiyinə həsr olunmuş elmi konfrans keçirildi. Konfransın təşkilatçıları Azərbaycanın Özbəkistandakı Səfirliyi, Teymurilər tarixi dövlət muzeyi və AMEA Hüseyn Cavidin Ev-Muzeyidir.
Konfransda, ilk olaraq, Hüseyn Cavidin irsinə - "Topal Teymur" əsərinin səhnə tarixçəsinə həsr olunmuş sərgi nümayiş etdirilib. Hüseyn Cavidin ev-muzeyindən verilən məlumata əsasən, dövlət və mədəniyyət xadimləri, tarixçilər, tələbə və şagirdlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Özbəkistanın Mədəniyyət Nazirliyinin nümayəndəsi açaraq Əmir Teymurun bəşər tarixindəki rolu haqqında ətraflı məlumat verib. Bu tədbirin Azərbaycan və özbək xalqları arasındakı tarixi, ədəbi, mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı qeyd edilib.
Tədbirdə İngiltərənin Özbəkistandakı səfiri və Özbəkistanın tanınmış alimləri "Teymurilər dövrünün rennesansı" mövzusunda məruzələrlə çıxış ediblər.
Hüseyn Cavidin "Topal Teymur" əsərinin yazılmasının 85 illiyinə həsr olunmuş elmi konfransda Azərbaycan Respublikasının Özbəkistandakı səfirinin müavini Akif Əliyev çıxışında xalqlarımız arasındakı tarixi əlaqələrdən söhbət açıb, "Topal Teymur" dramının 85 illik yubileyinin məhz bu muzeydə qeyd edilməsinin keçmişi qorumaq və yaşatmaq, tariximizdəki müştərək səhifələri yad etmək baxımından, çox önəmli olduğunu vurğulayıb. O, qeyd edib ki, yalnız dövlətlərimiz müstəqillik əldə etdikdən sonra türk aləminin böyük oğlunun həyat və fəaliyyəti həqiqi tarixi mənbələr əsasında ciddi tədqiq olunmağa başlanıb. Əmir Teymur şəxsiyyəti getdikcə Özbəkistandan kənarda da daha çox tədqiqatçı, yazıçı və dramaturqu cəlb edir. Azərbaycanda "Əmir Teymurun qanunlar külliyyatı" Azərbaycan dilində çap edilib, onun yürüşlərini işıqlandıran mənbələr dərc olunub, Azərbaycan yazıçı və dramaturqlarının əsərlərində Əmir Teymur obrazı böyük dövlət xadimi kimi xarakterizə olunub.
Tədbirdə, həmçinin, Teymurilər dövrü muzeyinin direktoru Nazim Həbibullayev, AMEA Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri namizədi Gülbəniz Babaxanlı "Qalib və məğlub türk haqqında tarixi dram", AMEA-nın müxbir üzvü Teymur Kərimli "Hüseyn Cavidin "Topal Teymur" tarixi dramı", Nizami adına Daşkənd Pedaqoji Universitetinin müəllimi filologiya elmləri namizədi Əzimcan Şaimov "Hüseyn Cavid və özbək dramaturgiyası", Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayəndəsi, tarix elmləri namizədi Səbuhi Əhmədov "Hüseyn Cavid əsərləri Özbəkistan teatrının səhnəsində" adlı məruzələrlə çıxış ediblər.
Tədbirdə 1983-cü ildə Azərbaycan Televiziyasının İstehsal Birliyi tərəfindən Hüseyn Cavidin dramı əsasında çəkilmiş "Topal Teymur" televiziya tamaşasından fraqmentlər nümayiş etdirilib, həmçinin, Əlişir Nəvai adına Özbəkistan Dövlət Akademik Böyük Teatrının aktyorları özbək şairi Abdulla Aripovun "Əmir Teymur" dramından bir parça göstərilib.
Tədbirdə Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar Ərtoğrul Cavidin bəstələdiyi musiqi nümunələri səsləndirilib. Konfransdan əvvəl isə səfirliyimizin əməkdaşları və Bakıdan dəvət olunmuş qonaqlar Əmir Teymurun Daşkəndin mərkəzindəki abidəsi önünə əklil və çiçək dəstələri qoyublar.

Digər xəbərlər