PDF Oxu

Mədəniyyət

  • 14

Sənətə vida söyləyən incə yumorlu aktyor

Sənətə vida söyləyən incə yumorlu aktyor
Azərbaycan sənət tarixinə neçə-neçə iz salan sənətkarlar maddi dünya ilə cismani dünyanı birləşdirib zaman durduqca yaşamaq hüququnu qazanırlar. Bu yolda ömrün son anına qədər çalışıb, istedadın fövqündə özünü təsdiqləmiş insanların sənət tərcümeyi-halını yazaraq salnamələrə həkk etmələri sənət eşqinin qüdrətindən yaranmışdır. Bu gün dünyasını dəyişən Telman Adıgözəlov kimi. Öz ismini sənət tarixinə yazan aktyor irli-xırdalı obrazları ilə sənət qalereyasını ölümün onu qəfil yaxaladığı bir zamanda belə artıq yaratmışdır. Qeyri-adi yaradıcılıq imkanlarına malik olan sənətkar incə yumoru, maraqlı ifa tərzi, təmkini və məxsusi ifaçılıq qabiliyyəti ilə minlərlə insanların qəlbində məhəbbət, sənətinə ehtiram hissi oyada bilmişdir. Aktyor sənətə gəldiyi ilk gündən tamaşaçıların diqqətində olmuş və məzmunlu görkəmi, şirin ləhcəsi, ən əsası isə sənət meyarları baxımından daxili potensiala malik bir aktyor olaraq yaradıcılığına maraq oyatmışdır. Telman Adıgözəlov sənətin sirlərini böyük sənətkarlardan öyrəndiyinə görə, elə bu aləmdə tez bir zamanda adı ətrafında fikir və mülahizələrin yaranmasına səbəb olmuşdur. Tamaşaçını güldürən və düşündürən bir aktyor olduğundan rejissor seçimində diqqətdən kənarda qalmamışdır.
Xatırladaq ki, 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olan Telman Adıgözəlov sənətə olan sevgisinin nəticəsi olaraq, Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1975-ci ildə buranı bitirmişdir. İstedadlı bir aktyor olaraq 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində bir-birindən maraqlı olan obrazlar yaratmışdır. Onun oynadığı tamaşalarda yaratdığı Zəncirvuran (C.Məmməlquluzadə "Dəli yığıncağı"), Daşdəmir, Rəhman (İ.Əfəndiyev "Xurşidbanu Natəvan", "Mahnı dağlarda qaldı"), Flins (Şekspir "Maqbet"), Xanəhməd (M.İbrahimov "Közərən ocaqlar"), Şeypurçu (Hüseyn Cavid "İblis"), Təlxək (S.Vurğun "Vaqif"), Çeşməkli kişi (S.Rəhman "Nişanlı qız"), Oyunbaz (E.Baxış "Qədr gecəsi"), Əhməd (Elçin "Ah Paris...Paris!.."), Professor ("Mənim sevimli dəlim"), Qumarbaz (R.Novruz "Hələ "sevirəm" deməmişdilər") və s. obrazları ilə sənət qalereyasında rəngarəngliyi ilə seçilən, mükəmməl, peşəkar bir aktyor olduğunu göstərə bilmişdir.
İstedadlı aktyor Azərbaycan Dövlət Televiziyasında hazırlanmış tamaşalarda da tamaşaçı diqqətində olan "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında isə istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Mən dəniz sahilində böyümüşəm" kimi filmlərdə xarakterik rollar yaratmışdır. Hər bir obrazda Telman Adıgözəlov xarakterlərin açılmasına, onların yaşadıqları məqamları, psixoloji vəziyyəti göstərməyə çalışmış və buna qədərincə müvəffəq olmuşdur. Azərbaycan kino və teatr səhnəsində yaratdığı obrazlara görə diqqətdə olan aktyor dövlət tərəfindən fəxri ad və mükafatlara layiq görülmüşdür. Belə ki, sənətkar 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülmüşdür.
Azərbaycan teatr və kino sahəsində nailiyyətlər qazanmış aktyor dünən 57 yaşında ikən torpağa tapşırıldı. Allah rəhmət eləsin.

Digər xəbərlər