Uşaq Kino Evində Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi keçiriləcək
Uşaq Kino Evi Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Dövlət Film Fondunun nəzdində yaradılmışdır. Uşaq Kino Evinin yaradılmasında əsas məqsəd uşaqların kinematoqrafiya sənətinə olan marağını artırmaq üçün vaxtaşırı onlarla görüşlər, müsabiqələr təşkil etmək, asudə vaxtlarını səmərəli keçirməyə şərait yaratmaqdan ibarətdir.
Aprelin 17-də Uşaq Kino Evində Azərbaycanın görkəmli kinorejissoru və kinooperatoru əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Rasim İsmayılova həsr olunmuş xatirə gecəsi, rejissorun uşaqlar üçün çəkdiyi "Asif, Vasif, Ağasif" filminin nümayişi və filmin yaradıcı heyəti ilə görüş keçiriləcək. Məlumat üçün deyək ki, İsmayılov Rasim Rza oğlu Azərbaycan kinorejissoru, kinooperatorudur. Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı mükafatlarına layiq görülmüşdür. O, Ümumittifaq Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini bitirmiş, yaradıcılığa 1957-ci ildə "Azərbaycanfilm" kinostudiyasında başlamışdır. Televiziya animasiya filmlərinin yaradıcılarından biridir. "Danışan işıqlar" (1965, rejissoru və ssenari müəllifi), "Qırmızılar, qaralar və başqaları" (1969, rejissoru və ssenari müəllifi və rəssamı), "Prometey-69" (1969) filmləri də yaradıcılığına daxildir.
"Dağ meşəsindən keçərkən" novellası İsmayılovun kinoda debütüdür. "Yaşamaq gözəldir, qardaşım" (1966), "Yenilməz batalyon" (1965, X.Babayevlə birgə), "Torpaq, dəniz, od, səma" (1967), "Sevil" (1970), "Yeddi oğul istərəm" (1970, Azərbaycan komsomolu mükafatı), "Axırıncı aşırım" (1971), "Gün keçdi" (1971), "Nəsimi" (1973), "Dədə Qorqud" (1975), "Dörd bazar günü" (1975), "Xoşbəxtlik qayğıları" (1976), "Sevinc buxtası" (1977; Azərbaycan Dövlət mükafatı 1978), "Babək" (1979) və s. filmlərin quruluşçu operatorudur. "Şir evdən getdi" (1977, operator Ş.Şərifovla birgə) filmi İsmayılovun rejissor debütüdür. "Anın quruluşu" (1980, Y.Varnovski ilə birgə operator), "İşgüzar səfər" (1982), "Asif, Vasif, Ağasif" (1983), "Sizi dünyalar qədər sevirdim" (1985), "Alman klinikasına şəxsi səfər" (1988), "Tələ" (1990) və s. bədii filmlərin rejissorudur.