PDF Oxu

Mədəniyyət

  • 9

“Respublika Dədə Qorqud Günü" keçirilib

“Respublika Dədə Qorqud Günü" keçirilib
AMEA Folklor İnstitutunda "Dədə Qorqud kitabı"nın 1300 illik yubileyinin ildönümü münasibəti ilə "Respublika Dədə Qorqud Günü" keçirilib.
İki hissədən ibarət olan tədbiri giriş sözü ilə institutun direktoru, filologiya elmləri doktoru, professor Hüseyn İsmayılov açaraq, tədbir münasibətilə iştirakçıları təbrik edib və bildirib ki, bir neçə min illik türk tarixinin yaddaşından süzülərək bizə gəlib çatan bu abidənin dünyada analoqu yoxdur. Professor H.İsmayılovun fikrincə, ölkəmizdə qeyri-maddi mədəni irsin qorunması işinə verilən yüksək önəmin nəticəsi olaraq bu gün Azərbaycan mədəniyyət abidələri YUNESKO-nun qeyri-maddi mədəni irsi siyahısına daxil edilib.
"Dədə Qorqud kitabı" dünənimizin keçmişidir" mövzusunda məruzə edən AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev dastanın poetikasını təhlil edib. O bildirib ki, dastanın süjet və obrazlarının quruluşu şumer ənənəsi ilə yaxından səsləşir. Bu isə abidənin islamdan öncəki dünyagörüşünü əks etdirdiyini bir daha sübut edir.
Tədbirdə "Oğuz elinin xanımları" mövzusunda məruzə edən filologiya elmləri doktoru Kamran Əliyev bu mövzunun ətraflı tədqiq edilməsinin Oğuz həyatı və etnoqrafiyasının öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Alimin fikrincə, dastanda xanım obrazlarının təhlili göstərir ki, burada tayfadaxili evlənmə ilə yanaşı, tayfaxarici evlənmə detalları da mövcud olmuşdur. Məhz bununla bağlıdır ki, dastanın dilində tayfadan olan qızlarla tayfadan kənarda olan qızları biri-birindən fərqləndirən ifadələr də yer almışdır.
Professor Əzizxan Tanrıverdiyev "Dədə Qorqud kitabı"nda dilin funksiyaları" məruzəsində dastanın söz dünyası haqqında ətraflı məlumat verib. İnkişaf etmiş dillərə xas olan ekspressiv-emosional çalarları əks etdirmək baxımından mövcud olan bütün xüsusiyyətlərin "Dədə-Qorqud kitabı"nda əks olunduğunu deyən Ə.Tanrıverdiyev konkret nümunələr əsasında eposun dili barədə danışıb. Professor məruzəsinin sonunda belə bir qənaət irəli sürüb ki, dastanın dili emosionallıq baxımından çox zəngindir və etnosun etnopsixoloji xüsusiyyətlərinin səciyyələndirilməsi barədə daha ətraflı məlumat verir.
"Zamanı yaşadan sözlər" mövzusunda məruzə ilə çıxış edən filologiya elmləri namizədi A.Hacıyev dastanın dilinin Oğuz elinin məişəti, həyatı, dostları, düşmənləri baradə ətraflı təəssürat yaratdığını vurğulayıb.
"Dədə Qorqud kitabı"nda epik sosium" mövzusunda isə filologiya elmləri namizədi Yaşar Qasımbəyli məruzə etdi.
Məruzəçilərə yönəldilmiş suallar isə "Dədə Qorqud kitabı"nın daha mürəkkəb məsələləri özündə ehtiva etməsi qənaətini ortaya qoyub. Tədbirdə iştirak edən filologiya elmləri namizədi M.Kazımoğlu, professor Füzuli Bayat və başqaları dastanın mürəkkəb və mübahisəli məqamları ətrafında fikir mübadiləsi apararaq, dastanın daha aktual problemlərinə diqqəti yönəldiblər.
Tədbirin rəsmi hissəsində alimlər belə bir qənaətə gəliblər ki, artıq hər il keçirilməsi ənənəyə çevrilən Dədə Qorqud Günləri növbəti illərdə də davam etdirilsin.
Tədbirin bədii hissəsində isə AMEA Folklor İnstitutunun "İrs" folklor ansamblının ifasında "Dədə Qorqud kitabı"ndan örnəklər səsləndirilib.

Digər xəbərlər