PDF Oxu

Mədəniyyət

  • 14

"Cavad xan" filmi Moskvada nümayiş etdirilib

"Cavad xan" filmi Moskvada nümayiş etdirilib
Moskvadakı "Oktyabrsk" kinoteatrında "Cavad xan" Azərbaycan filmi nümayiş etdirilib. Tədbir Azərbaycanın Rusiyadakı səfirliyi və Dünya Azərbaycanlıları Konqresinin Rusiya Nümayəndəliyi tərəfindən təşkil edilib. Filmin ssenari müəllifi, tanınmış Azərbaycan yazıçısı Sabir Rüstəmxanlı, rejissoru Rövşən Almuradlıdır.
Filmin nümayişindən əvvəl Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış etmişdir. O, Azərbaycanın zəngin tarixi, Gəncənin görkəmli oğlu, sərkərdə Cavad xan haqqında filmin əhəmiyyətindən söhbət açıb. Onun sözlərinə görə, Rusiyanın kino zallarında tarixi filmlərin nümayiş etdirilməsi gözəl bir ənənəyə çevrilib. Keçən dəfə bu zalda Qarabağ xanı haqqında film göstərilib. Azərbaycan xalqı üçün bu cür tarixi filmlərin çox böyük əhəmiyyətinin olmasını vurğulayan səfir onu da qeyd edib ki, biz öz tariximizi qorumalı və təbliğ etməliyik. O, filmin müəllifi - şair, dramaturq, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının bu mövzuya müraciət edərək, "Cavad xan" filminin ssenarisini yazmasını xüsusi vurğulayıb.
Sonra çıxış edən Sabir Rüstəmxanlı bildirib ki, "Cavad xan" filminin Rusiya kino zalında nümayiş etdirilməsi, onun üçün çox əlamətdar hadisə olmaqla bərabər, filmin yaradıcı uğurları üçün böyük əhəmiyyət kəsb edir. O, xatırladıb ki, bu yaxınlarda həmin film Bakıda Heydər Əliyev Sarayında, habelə, Gəncədə və respublikamızın digər rayonlarında nümayiş etdirilib. Filmin yaranma tarixi barədə söhbət açan S.Rüstəmxanlı bu cür ideyaların həyata keçirilməsində dövlətimizin rolunu xüsusi vurğulayaraq deyib: "Müəyyən məqamda maliyyə çətinlikləri yaranmışdı, lakin tariximizin təbliğinə yönəlmiş layihələrə çox böyük əhəmiyyət verən Prezident İlham Əliyev həmin çətinliklərin operativ şəkildə aradan qaldırılmasına kömək etmişdir". Sonra filmin yaradıcı qrupunun nümayəndələri çıxış ediblər. Onlar bu filmin Rusiya paytaxtında göstərilməsinin təşkilinə görə, Azərbaycanın Rusiyadakı səfirliyinə, habelə, Dünya Azərbaycanlıları Konqresinin Rusiya Nümayəndəliyinin rəhbəri Mirəşrəf Fətiyevə təşəkkürlərini bildirib.

Digər xəbərlər