Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan silsilə tədbirlər keçiriləcək
XX əsr ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan dövlət mükafatları laureatı, xalq şairi Rəsul Rzanın 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, respublikanın müxtəlif bölgələrində, o cümlədən, Gəncədə, Göyçayda, Naxçıvanda və Bakıda silsilə tədbirlər reallaşacaq. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca məlumat verib. Şairin doğulub boya-başa çatdığı Göyçayda açılacaq ev-muzeyinin qarşısında büstü qoyulacaq.
Azərbaycan ədəbiyyatına böyük töhfələr vermiş sənətkarın yaradıcılıq irsi bir nümunə olduğundan il ərzində onun xatirəsi anılacaq və sənətkar yad olunacaqdır. 1910-cu ilin may ayının 19-da anadan olan şair 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdır.
Rəsul Rza Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan Kinematoqrafiya naziri, Azərbaycan Ensiklopediyasının baş redaktoru, Asiya və Afrika Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin sədri, Xəbərlər Mətbuat Agentliyi Respublika İdarə Heyətinin sədri vəzifələrində çalışmış, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir.
Rəsul Rzanın "Bu gün" adlı ilk şeiri 1927-ci ildə "Qığılcım" almanaxında dərc olunmuş, ilk şeirlərindən Rəsul Rza müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdir.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı "Vətən", "İntiqam! İntiqam..." şeir kitabları, "Ölməz qəhrəmanlar", "Qəzəb və məhəbbət" hekayə və oçerk topluları, "Vəfa" pyesi ilə müharibənin döyüş meydanını əks etdirməklə yanaşı, insanların qələbə əzmini, onların mübarizəsini nəzmə çəkmişdir.
60-cı illərdə Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşərək, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meylləri gücləndi. "Şeirlər", "Pəncərəmə düşən işıq", "Duyğular, düşüncələr", "Dözüm" şeir kitabları, eləcə də, "Qızılgül olmayaydı", "Bir gün də insan ömrüdür", "Xalq həkimi" poemalarında insanpərvərlik ideyaları əks olunmuşdur. "Rənglər" silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsi ilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da "Dünən, bu gün, sabah", "Güneylər, quzeylər", "Üzü küləyə" kitabları əsas mövzusudur.
Uşaqlar üçün də "Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından kitabçaları, ədəbi-tənqidi və publisistik məqalələri oçerkləri hər zaman maraq doğurmuşdur.
Nizami Gəncəvinin "Xosrov və Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını, H.Lonqfellonun "Hayavata haqqında mahnı" poemasını, C.Q.Bayron, A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfi, A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə, müasir Asiya və Afrika şairlərinin əsərlərini Azərbaycan dilinə çevirmişdir. Əsərləri bir sıra xarici dilə tərcümə edilmiş, bir çox şeirlərinə musiqi bəstələnmişdir.
R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə, R.Rza öz qəhrəmanının nümunəsində, ümumiyyətlə, 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. Əsər müəllifin nakam şairimiz Müşfiqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. R.Rza təhkiyənin bu formasını əsərin sonuna qədər davam etdirir.
Belə bir ədəbi nümunəyə malik olan şairin Azərbaycan Yazıçılar Birliyi Rusiyanın paytaxtı Moskva şəhərindəki filialında və İranda yubiley tədbirləri keçirməsini artıq planlaşdırıb. Birliyin məlumatına istinadən, mayın 12-də isə Türkiyənin İstanbul şəhərində Rəsul Rzanın böyük yubiley tədbiri keçirildi.
Onu da qeyd edək ki, xalq şairi Rəsul Rzanın Göyçay şəhərində yerləşən ev-muzeyi yenidən qurulur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi və maliyyə vəsaiti hesabına aparılan əsaslı təmir və bərpa işlərinə bu ilin yanvarında başlanılıb. 1933-cü ildə inşa edilmiş və ümumi sahəsi 150 kvadratmetr olan 5 otaqlı evin tavanı, döşəməsi, qapı-pəncərələri, çardağı, dam örtüyü, işıqlandırma sistemi müasir üslubda yenidən qurulub. Mənzilin əsaslı təmiri zamanı klassik memarlıq üslubu saxlanılmaqla yanaşı, müasir memarlıq elementlərindən də geniş istifadə olunub.
Həyətdə yeni qazanxana inşa edilərək, otaqlar istilik sistemi ilə təchiz edilib. Muzeyin həyətyanı sahəsində müxtəlif meyvə ağacları əkilmiş, ətrafda yeni daş hasar inşa olunmuş, həyətin giriş qapıları dəyişdirilib. Muzeyin qarşısında xalq şairi Rəsul Rzanın büstü qoyulmuşdur. Binada əsaslı təmir işlərini "İnşaat-İ" MMC-nin briqadası həyata keçirir. Tikintidə eyni vaxtda 30-a yaxın işçi çalışır.
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar bu günlərdə ev-muzeyində aparılan əsaslı təmir işləri ilə yaxından tanış olub. Hazırda binada son tamamlama işləri görülür. Mayın 17-də binanın açılış mərasimi keçiriləcək.
Rəsul Rzanın 100 illik yubileyi münasibətilə mayın 19-da Göyçayda bir sıra tədbirlər də təşkil olunacaq.