Azərbaycan ədəbiyyatının, bütövlükdə, XX əsr poetik fikrinin görkəmli nümayəndəsi, xalq şairi Bəxtiyar Vahabzadənin adı təkcə respublikamızda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda mütəfəkkir şair, lirik, dramaturq, istedadlı alim və publisist, qeyrətli və cəsarətli ictimai xadim, sadə və səmimi insan kimi məşhurdur.
Təsadüfi deyil ki, onun əsərləri, dramları və publisist yazıları dünyanın çox dillərində, o cümlədən, ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və eləcə də, sovet məkanında yaşadığımız zaman birliyin bir sıra xalqlarının dilinə tərcümə edilmiş və ədəbi nümunələri hər bir oxucu tərəfindən yüksək səviyyədə qarşılanıb.
Bu yaradıcılığın bədii keyfiyyəti şairin zəngin ədəbi düşüncələri əsasında qiymətini alaraq, böyük bir fikrin ifadəçisinə çevrilmişdir. Dünyanın fəlsəfəsini, onun zaman və məkan daxilində çözümünü verməyə çalışan şairin əsərlərinin bir qisminin məğzində həqiqətə gedən yol, bu yolun qaranlıq məqamları dayanır. Bəxtiyar Vahabzadə bu məqamları açmaq, onlara aydınlıq gətirmək istəyində olan bir şair kimi zamanla mübarizədə güclü və qətiyyətli idi. Həqiqətən də, səsinin gücü ilə yaşadığı əsrin böyük şair zirvəsinə ucaldı. Şeirin fəlsəfi yükü onu insalara doğmalaşdırdı, bir inam körpüsü yaratdı.
1925-ci ildə doğulan şair zəngin və mənalı bir ömrün yaradıcısı oldu. Bəxtiyar ömrünü yaratdı. Ali təhsilli bir ziyalı kimi Azərbaycan şair və yazıçılarının bir növ tədqiqatçısına çevrildi və yeni məzmunda əsərləri ortaya qoydu. 1951-ci ildə "S.Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "S.Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filoloji elmlər doktoru alimlik dərəcəsini alan şairin yaradıcılıq yolunun ilk illəri ikinci cahan müharibəsinə təsadüf etdi. O, müharibə dövrünün gətirdiyi dəhşətləri, eləcə də, bu müharibədə fədakarlıq göstərən insanların şücaətini əks etdirməkdə vətəndaşlıq mövqeyini nümayiş etdirdi. 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olundu. Məhsuldar bədii yaradıcılıqla yanaşı, B.Vahabzadə 40 ildən artıq Azərbaycan Dövlət Universitetində dərs demiş, ali təhsilli mütəxəssislərin yetişməsində öz töhfələrini vermişdir. 1980-ci Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. B.Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi kimi tanındı. Bakı Akademik Dövlət Dram Teatrının səhnəsində onun "Vicdan", "İkinci səs", "Yağışdan sonra", "Yollara iz düşür", "Fəryad", "Hara gedir bu dünya?", "Özümüzü kəsən qılınc", "Cəzasız günah", "Dar ağacı" pyesləri tamaşaya qoyuldu. O, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemaları ilə sevildi. O, 1974-cü ildə əməkdar incəsənət xadimi, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ Dövlət Mükafatı laureatı adlarına layiq görüldü. 1985-ci ildə ona "Xalq şairi" fəxri adı verildi, 1995-ci ildə isə Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edildi.
B.Vahabzadənini şeirləri obrazların kamilliyi, bədii vasitələrin müasirliyi və orijinallığı ilə seçilir. Onun bütün əsərlərində dünyaya fəlsəfi baxış əsas yer tutur. Səmimi etiraf edək ki, son 30-40 ildə Azərbaycan ədəbiyyatında B.Vahabzadə qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Bədii, elmi və publisistik yaradıcılığını ictimai-siyasi fəaliyyətlə üzvi surətdə əlaqələndirən B.Vahabzadə 5 dəfə Azərbaycan Ali Sovetinə millət vəkili seçildi.
Qeyd edək ki, hələ 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri olmuş, 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşuldu. Bu poemaya görə, 1962-ci ildə şair "millətçi" damğası ilə universitetdən çıxarılmış, yalnız 2 ildən sonra yerinə qaytarılmışdır. Sovet rejimində milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətin dərdlərini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poemaları və pyeslərində hadisələri ya tarixə, ya da başqa ölkələrə keçirərək millətinin dərdlərini dilə gətirmişdir. Birbaşa sovet diktaturasını ifşa edən əsərlərini isə şair, Sovet İttifaqı dağılandan sonra "Sandıqdan səslər" başlığı altında nəşr etdirmişdir.
Bu vaxta qədər qüdrətli söz ustası, kəskin publisist, ədəbi-bədii prosesin təşkilaçısı kimi tanınan B.Vahabzadə son vaxtlar xalqı düşündürən bir çox məsələlərdə, o cümlədən, uydurma "DQR" problemi ilə əlaqədar məsələlərdə ağsaqqal kimi ciddi fəaliyyət göstərir. Həmçinin, o, ana dilimizin saflığı, təmizliyi uğrunda daim yorulmadan mübarizə aparırdı.
B.Vahabzadənin evi bir növ, millətin ümid qapısına dönmüşdür. Belə ki, respublikanın müxtəlif kənd və rayonlarından hər gün onlarla məktub alır, neçə-neçə şikayətçini evində qəbul edir, onları dinləyir və imkan daxilində hər birinin dərdinə əlac etməyə çalışır. Respublika Ali Sovetinin sessiyalarında, ictimai-siyasi məclislərdə, kütləvi informasiya vasitələrindəki çıxışlarında, o, xalq mənafeyinin əsil müdafiəçisi, həqiqi vətənpərvər və ictimai xadim kimi hamının dərin hörmət və məhəbbətini qazanmışdır. Yaradıcılığı boyu xalqın istək və arzularını tərənnüm edən, bu arzuların həyata keçməsinə çalışan vətəndaş şair üçün xalqın mənafeyi onun şəxsi mənafeyinə çevrilmişdir.
Şair yaratdığı ədəbi nümunələrlə əbədi dünyamıza nadir nümunələrini həkk etdi.