Daşınar əmlakın rəsmi reyestrləri tərtib edilir
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə Fərmanı imzalandıqdan sonra mövcud olan unikal və nadir nüsxəli kitabların, xüsusi əhəmiyyətli nəşrlərin, əlyazmaların və s. aşkar edilməsi işinə başlanılıb.
Bununla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikasında milli-mədəni irsin mühafizəsi və gələcək nəsillərə çatdırılması sahəsində dövlət siyasətinin müəyyən etdiyi qanunvericilik aktları və digər qanun və sərəncamlara müvafiq olaraq "Kitab abidələri haqqında" Əsasnamə hazırlanıb. Nazirlik tərəfindən müxtəlif formada kitab abidəsi dövlət reyestrinə daxil edilib.
Azərbaycan Respublikasında ən qədim kitab abidələri Prezident Kitabxanasında 1591-ci ildə italyan dilində çap olunmuş Appresso Erasmo, Viotto Parma "Historia di Parma", M.F.Axundov adına Milli Kitabxananın nadir kitablar fondunda saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunan "Türklər haqqında on nəsihət" kitabları qeydə alınıb. Reyestrin tərtibi zamanı şəhər (rayon) kitabxanalarında və tarix-diyarşünaslıq muzeylərində çoxlu sayda kitab abidələri aşkar edilib. Azərbaycan Respublikasında şəxsi kolleksiyalarda saxlanılan kitab abidələrini aşkar etmək üçün yerli qəzet, radio və televiziya vasitəsi ilə əhaliyə müraciət edilməsi barədə şəhər (rayon) mədəniyyət və turizm idarələrinin (şöbələrinin) rəhbərlərinə tapşırıqlar verilib. Ümumilikdə reyestrdə şəxsi kolleksiyalarda saxlanılan 244 kitab abidəsi aşkar edilib.
Azərbaycan xalqının milli-mədəni sərvətləri, milli-mədəni dəyərləri min illərlə kitab yaddaşında qorunub saxlanılmış və gələcək nəsillərə çatdırılmışdır. Nadir nüsxələrə çevrilmiş əlyazmalar, kitab, qəzet və jurnalların çoxu bugünkü nəsillərə əmanət qalıb və tariximizin, iqtisadiyyatımızın, mədəniyyətimizin müxtəlif mərhələlərdə inkişafı barədə məlumat verən yeganə mənbələrdir. Respublikanın bütün şəhər və rayonlarında məhz onlara xas olan təkrarolunmaz və bənzərsiz materiallar (yerli qəzetlər və nəşrlər) saxlanılır ki, onlar əbədi mühafizə edilərək konservasiya olunması və gələcək nəsillərə çatdırılması zəruridir.