Səməndər Rzayevin 65 illik yubileyinə həsr olunmuş xatirə gecəsi
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın əməkdar artisti, Dövlət Mükafatı laureatı, mərhum aktyor Səməndər Rzayevin 65 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib. Tədbir aktyorun xatirə lent yazısının səslənməsi ilə başlanıb. "Məlhəm" Humanist Qadınlar İctimai Birliyinin (MHQ İB) təşkilatçılığı ilə keçirilən gecədə çıxış edən filologiya elmləri doktorları Qəzənfər Paşayev, Məhərrəm Qasımlı, şair Musa Yaqub, Xalq artistləri Rasim Balayev, Tariyel Qasımov, Ramiz Məlikov və başqaları görkəmli aktyorla bağlı xatirələrini danışıblar. Onun qısa ömür yaşamasına baxmayaraq, Azərbaycan mədəniyyəti üçün çox işlər gördüyü, həm kino, həm teatr, həm televiziya tamaşalarında əvəzolunmaz obrazlar yaratdığı vurğulanıb.
Çıxış edənlər "Babək", "Nəsimi", "Od içində" filmlərində, "Həyatın dibində", "Hamlet", "Yağışdan sonra", "Sən yanmasan", "Cehizsiz qız", "Qəribə oğlan", "Dəli yığıncağı..." teatr tamaşalarında yaratdığı obrazlarla onun hər zaman xatirələrdə yaşayacağını və radioda səsləndirdiyi "Bulaq" verilişindəki "Bulaq Dədə" obrazı kimi əbədiləşdiyini bildirib.
Gecədə MHQ İB-nin sədri, filologiya elmləri namizədi Xədicə Muradın müəllifi olduğu və Səməndər Rzayevə həsr olunmuş "Nağıl dünyamızın nağıl şahzadəsi" kitabının təqdimat mərasimi də keçirilib.
Kitabın redaktoru AMEA-nın həqiqi üzvü Teymur Bünyadovdur. Tədbirin sonunda Xədicə Murad tədbir iştirakçılarına minnətdarlığını bildirib.