Elm sahələri üzrə namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalı yaradılıb
M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikasında müdafiə olunan bütün elm sahələri üzrə namizədlik və doktorluq dissertasiyalarının virtual oxu zalı yaradıldı. Qeyd edim ki, hələlik, bu bazaya 1300 dissertasiya və avtoreferat daxil edilib. Müasir dövrdə elektron, informasiya daşıyıcıları xüsusi əhəmiyyət kəsb edir və tez bir vaxtda informasiya mübadiləsini həyata keçirir. Xatırladaq ki, bir il bundan öncə, Milli Kitabxanamızda Rusiya Dövlət Kitabxanasının virtual dissertasiya zalının açılış mərasimi keçirilmişdi.
Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na əsasən, kitabxanaların informasiyalaşmasına xüsusi önəm verilir. Dövlət Proqramının icrası məqsədi ilə kitabxana-informasiya prosesləri avtomatlaşdırılır. Bu iş regionlarda daha sürətlə inkişaf edir. Dissertasiyaların virtual oxu zalı isə yalnız Milli Kitabxanada təşkil oluna bilər. Hazırda Milli Kitabxanada 7 min 842 dissertasiya saxlanılır. Onlardan 1300-ü virtual bazaya daxil edilib. Dissertasiyalar Azərbaycan, rus, türk və s. xarici dillərdədir. İstifadəçilər müxtəlif dillərdə olan dissertasiyalar və avtoreferatlarla tanış ola bilərlər.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, bu işlər və kitabxana - informasiya sisteminin sürətli inkişafı yalnız Dövlət Proqramı imzalandıqdan sonra mümkün olmuşdur. Kitabxanalarda islahatlar keçirilir, yeni informasiya resurs və intellekt mərkəzləri yaradılır. Virtual dissertasiya zalının açılması, nəinki dissertant və aspirantlara, eyni zamanda, onların rəhbərlərinə, bütün alimlərə tədqiqat mövzusu seçimində böyük kömək olacaq. Azərbaycanda hər il 500 namizədlik, 80-90 doktorluq dissertasiyası müdafiə edilir. Onlar əsasən, humanitar sahəyə aid olan tədqiqat əsəridir. Təbiət elmləri, texnika, tibb isə bir qədər kənarda qalırlar. Dissertasiyaların açıq istifadəyə verilməsi həm də plagiatçılığın qarşısını alacaq. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda müdafiə olunmuş dissertasiyalar, avtoreferatlar toplanmış və onların elektron bazası yaradılmışdır. Bu səbəbdən elektron mübadilə üçün yaxşı zəmin yaranıb.