Azərbaycan çağdaş poeziyasının söz boğçası zənginliyi ilə hər zaman diqqətdə olmuş və bu aləmə naxış salmağa yol açan simaların yaratdıqları çələng zamanın ahənginin bədii məcmusuna çevrilir. Sənət və onun bədii dəyəri qələm sahiblərinin yaradıcılıq təxəyyülündən süzülüb gələn misraların ifadəsində əksini tapır.
Hər əsrin, dövrün söz əhli, qələm sahibi olmuş, bu gün də bu estafeti qələmin gücü ilə əlinə alıb Azərbaycanın milli dəyərlərinin fövqündə qələmini işlədən kifayət qədər şairlərimiz var ki, zaman onları yetişdirərək, təfəkkür sahibi kimi bu meydanda xalqın nəfəsini, ruhunu duyaraq gerçəkliklərin bədii nümunəsini yaratmağa səsləyir. Təbii ki, yaradıcılıq istedadıdır, Tanrı vergisidir. Bu keyfiyyət irsi mahiyyət də daşıyır. Çox zaman uşaqlıq illərində özünü qabarıq şəkildə göstərir və zaman-zaman bu ali hiss bəşəri dəyərlərə, ideyalara xidmət edir.
Çağdaş poeziyamızda, neçə illərdir ki, misraları ilə yaddaqalan söz çələngi yaradan Bədir Bədirlinin də yaşının az olmasına baxmayaraq, artıq poeziyasevərlər arasında ismini tanıdıb. Özünəməxsus yaradıcılıq yolu keçən şairin sözünün ahəngində Azərbaycan duyulur. Vətən eşqi, vətən sevgisi ali hiss olaraq yaradıcılığının qayəsinə çevrilib. Azərbaycanın təbiəti, füsunkarlığı, müqəddəs torpaqları onun nəzmə çəkdiyi misralarında orijinal bir şəkildə təqdim olunur. Bədirin qəlbinin səsi bu misraları oxuyanlara vətənin böyüklüyünü duydurur. "Məni", "Vətənim Azərbaycan", "Yaz gələndə elimizə", "Şəmkir" və onlarla belə şeirlərində Bədirin misralarının məna yükündəki ideyalarla baş-başa qalırıq. Hər vaxt qəlbində yaşayan Vətəni Azərbaycan haqqında düşünən şairin mübarizliyi, vətən yolunda vuruşa hazır olması diqqətdən kənarda qalmır. Şairin şeir yükündə bu məzmun oxucunu onun təsiri altına tez salır. Vətənin keşiyində durmağı həyatına bir meyar kimi qəbul edir:
Bədirəm, qartaltək qayada yatam,
Düşmənin gözünə ox kimi batam.
Gecəni qısaldıb, gündüzə qatam,
Dağlar keşiyində hey görə məni.
Şair Vətəninə kəc baxan, el-obasına düşmən gözü dikilərsə, bu anda amansızlıq göstərəcəyini qətiyyətlə ifadə edir. Başı dumanlı uca dağların ətəyində seyrə çıxan Bədir xəyallar aləmində bu gözəllikləri yaşayır və heç zaman düşmənin bu el-obaya ayaq basmayacağı inamı gücləndirir. Şairin döyünən ürəyində aşıb-daşan arzuların ülviliyi bu poeziyaya səmimilik gətirir. Qaranlığa işıq saçan bir diyar kimi vəsf edir Azərbaycanı:
Çoxdan vurğunuyam əzəl dağların
Çağırır hər zaman dağ-dərə məni.
Qatıb Xəzərinə, gül-çiçəyinə,
Xalısı üstünə hey sərə məni.
Hər fəslin gözəlliyini vəsf edən şair göstərir ki, doğma el-obasının əlvanlığından, rəngarəng çalarlarından zövq alır, vətənimizin qoynunda təbiətin füsunkarlığını nəzmə çəkir. Şairin düşüncəsinin məhsulu olan ədəbi nümunələr onun istedadını, ülvi hisslərə sahib olmasını, eləcə də, Azərbaycan poeziyasının nümunələrinə bələd olduğunu göstərir. Bədir Bədirliyə sənət sevgisi, yaradıcılıq axtarışlarında mübariz və dəyanətli olmağı arzulayırıq. Şeirlərinin ruhu hər zaman Azərbaycana xidmət etsin.
Bütün Polşa onun haqqında danışır...